2 C
Baku
Monday, March 4, 2024

“STP Alüminium” valyuta məhdudiyyətini pozduğuna görə cərimələnir

Sumqayıt Texnologiya Parkının törəmə şirkəti “STP Alüminium” MMC cərimələnir.

Banker.az xəbər verir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, məhkəməyə göndərib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir. İşə Sumqayıt Şəhər Məhkəməsində baxılacaq, hakim isə Pərviz Hacıyevdir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Xatırladaq ki, STP-də Alüminium və mis profilləri zavodu, Kabel Zavodu, Polimer Məmulatlar Zavodu, Elektrik Avadanlıqları Zavodu, Sendviç Panelləri Zavodu, Mexaniki Emal Zavodu, Qaynaq Quraşdırma Zavodu, Metaləritmə Zavodu, Antikorroziya Örtükləri Zavodu və Texniki Qazlar Zavodu fəaliyyət göstərir.

“STP Alüminium” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 min manatdır və qanuni təmsilçisi Fərhad Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər