Sudan Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında uçuşların məhdudlaşdırılmasının aprelin 30-dək uzadılması barədə göstəriş verib.
Bu barədə Xartum Beynəlxalq Hava Limanından bildirilib.
Belə ki, Sudan Silahlı Qüvvələri hava məkanının hər hansı pozulmasının nəticələrinin olacağı barədə xəbərdarlıq edib.
Bundan əvvəl Silahlı Qüvvələrin komandanı Əbdülfəttah əl-Burhan bildirib ki, ordu paytaxt Xartum və Nyala şəhəri istisna olmaqla, ölkənin bütün hava limanlarına nəzarət edir. Aprelin 21-də Çevik Reaksiya Qüvvələri Sudan ərazisində olan əcnəbi vətəndaşların təxliyəsi üçün nəzarət etdikləri hava limanlarını qismən açmağa hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar baş verib. Ölkənin səhiyyə naziri qarşıdurmalarda ölənlərin sayının 600 nəfərdən çox olduğunu bildirib. Daha sonra Ramazan bayramı günlərində tərəflər arasında 3 günlük atəşkəs əldə olunub.