Müəllif: Sahib Əfəndiyev, CIMA Cert BA
İslam Maliyyə Sistemi böhrana rəğmən inkişaf edir. Bu inkişaf diversifikasiyalı xarakter daşıyır və ən əsası qeyri-İslam ölkələrini də əhatə edir. Məsələn, Böyük Britaniya artıq 30 ildir İslam Maliyyə xidmətləri göstərir. CityUK İslamic Finance 2011 hesabatına əsasən Böyük Britaniya İslam Maliyyəsinin total aktivlərinə görə dünyada 9-cu,qərb dövlətləri arasında isə 1-ci yeri tutur. Eyni hesabata əsasən Böyük Britaniyada 22 İslam Bankı fəaliyyət göstərir və bu Avropa dövlətləri arasında ən yaxşı göstəricidir. Həmçinin burada 17 ənənəvi bank da İslam pəncərəsi yaradaraq İslam Maliyyə xidmətləri göstərirlər. Bunlardan başqa Böyük Britaniyada total dəyəri 300 milyon dollar olan 34 İslam fondu idarə olunur və 20-dən çox hüquq firması İslam Maliyyəsinə dair xidmətlər göstərir.
İslam dini bütün kommersiya və maliyyə əməliyyatlarının real aktiv bazisli (asset-based) olmasını tələb edir. Yəni daha ümumi yanaşsaq və klassik iqtisadi terminlə desək İslam Kommersiya hüququ “pul-əmtəə-pul” münasibətini dəstəkləyir. Buna görə də İslam Maliyyə Sistemi real sektora daha çox xidmət edir. İslam Maliyyə Sistemində əməliyyatların aktiv bazisli olması özünü qiymətli kağızlara daha doğrusu istiqrazlara münasibətdə də göstərir. Buna görə İslam istiqrazları adlanan Sukuk da ənənəvi istiqrazlardan fərqlənir.
Təxminən 20-25 il əvvəl İslam Maliyyə Sisteminin tənqidçiləri hesab edirdilər ki, burada yalnız pay əsaslı qiymətli kağızların emissiyası mümkündür və buna görə də investorlar sabit gəlirli qiymətli kağızların çatışmazlığı ilə üzləşirlər.
Lakin zaman keçdikcə məlum oldu ki, borc əsaslı qiymətli kağızların da emissiyası mümkündür. Bu Sukuk vasitəsilə reallaşır. Sukuk hər hansı bir aktivdə məsələn avadanlıqda mülkiyyət hüququna əsaslanır. Sukuk həm pay bazisli həm də borc bazisli ola bilər. Dediyimiz kimi Sukukun istiqrazlardan əsas fərqi aktiv bazisli olmasıdır. Yəni ənənəvi istiqrazlardan fərqli olaraq Sukukda gəlirlər nəzərdə tutulan aktivin yaratdığı nəğd vəsaitlərdən meydana gəlir. Ənənəvi istiqrazlar isə tipik sələm nümunəsidir. Sual oluna bilər ki, əgər Sukuk aktiv bazisli əməliyyatdırsa və mülkiyyət hüququna əsaslanırsa onun səhmlərdən fərqi nədir. Fərq bundadır ki, səhmlər bütövlükdə şirkətə mülkiyyət hüququ verir və hər hansı bir müəyyən olunmuş tarix üçün nəzərdə tutulmayıb. Lakin Sukuk bütövlükdə şirkətə yox konkret bir real aktivə mülkiyyət hüququ verir və müəyyən olunmuş konkret bir tarix üçün nəzərdə tutulub. Yəni Sukukun dəyəri tam geri ödənilməlidir. Daha da anlaşıqlı olması üçün Sukukların bir neçə növünə nəzər salaq.
Mudarabah Sukuku
Əvvəl qısaca mudarabah maliyyələşmə üsulunun necə işlədiyinə nəzər salaq. Mudarabah mənfəətə və zərərə şərik prinsipi (Profit and Loss Sharing – PLS) ilə tətbiq olunan maliyyələşmə üsuludur. Bu zaman bir tərəf proyekti tamamilə maliyyələşdirir, digər tərəf isə biznesin idarə edilməsini həyata keçirir. Belə halda maliyyələşdirən tərəf Rabbul-Mal (investor),digər tərəf isə Mudarib (Manager) adlanır. Şəriklik payları əvvəlcədən müəyyən olunur. Uğursuzluq halında maliyyələşdirən tərəf tamamilə kapitalını itirir, mudarib isə yalnız vaxtını və tətbiq etdiyi əməyi itirir. Mudarabah üzərində qurulan Sukuk pay bazisli qiymətli kağızlarıdır. Burada investor Rabbul Mal,emitent isə mudarib kimi çıxış edir. Pay bazisli olduğu üçün mudarabah adətən dəyişkən gəlirli olur. Təkrar bazarda tranzaksiyası icazəlidir.
Muşarakah Sukuku
Mudarabah sukukundan yalnız emitentin də maliyyələşmədə iştirak etməsi ilə fərqlənir. Pay bazisli sukuk olduğu üçün təkrar bazarda tranzaksiyası icazəlidir.
İcara Sukuku
Hər hansı bir aktivə – daşınmaz əmlaka mülkiyyət və rental gəlirlərin mənimsənilməsi hüququnu verən sukuk növüdür. İcara sukuku İslam kapital bazarlarının sabit gəlir vəd edən (fixed rate of return) alətlərindəndir.
Murabaha Sukuku
Burada emitent malın satıcısı, sukuka abunə yazılanlar malın alıcısı, reallaşdırılmış nağd vəsaitlər isə malın alış qiymətidir. Sukuk sahibləri malın mülkiyyətçiləridir və bu da həmin malın növbəti satışı zamanı yaranan gəliri mənimsəməyə hüquq verir. Murabaha zamanı ilk satış nağd ödənişlə, ikinci satış isə hissəli ödənişlə həyata keçirilir. Bu iki satış eyni tsikldə baş verir və sonuncu alış üzrə borc yaradır. Borcu təmsil etdiyi üçün də bu sukukların təkrar fond bazarında tranzaksiyası bütün məzhəblərin ittifaqına görə haramdır. Bu müddəa qlobal miqyasda İslam Maliyyə İnstitutları üçün audit/maliyyə/mühasibatlıq standartlarını müəyyənləşdirən AAOIFI (Accounting and Auditing Organisation for Islamic Financial Institutions)-nın müvafiq standartında da əks olunub. Murabaha sukuku sabit gəlir vəd edən İslam maliyyə alətlərindəndir.
Salam Sukuku
Salam satıcının məhsulu nağd ödəniş qarşılığında gələcəkdə müəyyən olunmuş bir tarixdə alıcıya çatdırmasını nəzərdə tutan satış növüdür. Salam bazisli sukuk zamanı emitent məhsulun satıcısı, sukuka abunə yazılanlar malın alıcısı, reallaşdırılmış nağd vəsaitlər isə malın alış qiymətidir. Salam Sukukunun sahibləri malın mülkiyyətçiləridir və bu da həmin malın növbəti satışı zamanı (paralel salam) yaranan gəliri mənimsəməyə hüquq verir. Salamın ilkin satıcı üçün üstünlüyü ondan ibarətdir ki, gəlirlərini əvvəlcədən əldə edir. İlkin alıcı üçün isə üstünlüyü ondan ibarətdir ki, bu müqavilə üzrə məhsulun qiyməti onun normal bazar qiymətindən aşağı olur. Salam kənd təsərrüfatı məhsullarının inkişafının stimullaşdırılması üçün çox əlverişlidir. Bu əməliyyatdan Məhəmməd peyğəmbər şəxsən kənd təsərrüfatı mallarının xüsusilə də buğda və xurmaların ticarəti üçün istifadə edilməsinə icazə vermişdir.
İstisna Sukuku
Salam sukukları kimidir, salamdan əsasən tikintisi tələb olunan məhsulların tranzaksiyası zamanı istifadə olunması ilə fərqlənir. Böyük tikinti proyektlərinin həyata keçirilməsi üçün çox əlverişlidir. Ərəb dövlətlərində də bu istiqamət üzrə geniş istifadə edilir.
Sukukların mövcudluğu artıq dünyanın müxtəlif yerlərindən nəhəng investorları cəlb edib. Sukuk vasitəsilə dünyanın müxtəlif yerlərində xüsusilə ərəb dövlətlərində böyük infrastruktur layihələri (körpülər, aeroportlar, şoselər, limanlar və s.) həyata keçirilir. CityUK İslamic Finance 2011 hesabatına əsasən 2010-cu ildə qlobal miqyasda sukuk emissiyasının həcmi 50 milyard dollara çatıb və artım tempi 54% təşkil edib. Sukuklardan həmçinin qeyri-İslam ölkələrində xüsusilə Böyük Britaniyada da geniş istifadə olunur. Artıq London Fond Birjasında total dəyəri 19 milyard dollar olan 31 Sukuk listingi qeydə alınıb. Sukuk İslam kapital bazarlarının davamlı inkişafını təmin etmək məqsədilə böyük potensial vəd edir. Bu da öz növbəsində bütövlükdə İslam Maliyyə Sisteminin inkişafı üçün həlledici rollardan birini oynaya bilər.