“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) baş direktoru Emin Məmmədov tutduğu vəzifədən istefa verib.
Bu barədə qurumdakı mənbə bildirib.
Məlumata görə, onun vəzifəsindən azad edilməsi bağlı ərizəsi artıq təsdiqlənib və iyulun 15-dən sonra işini tərk edəcək. E.Məmmədovun yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, o, müxtəlif illərdə Böyük Britaniyanın HSBC bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, eləcə də “Express Bank” ASC-də çalışıb.
STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,9 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir və ötən ilin noyabr ayından “PAŞA Holdinq” MMC-nin nəzarətinə keçib.