Şimali Amerikanın ən böyük “evin yaxınlığındakı mağaza” və yanacaqdoldurma məntəqələri şəbəkələrinin operatorları olan Casey’s General Stores, Murphy USA və Alimentation Couche-Tard-ın səhmləri tarixi maksimumlara yaxınlaşıb. Süni intellekt bumunun davamlılığına dair şübhələr və İranla davam edən münaqişə fonunda bazar volatilliyinin artması investorların müdafiə xarakterli aktivlərə marağını gücləndirib.
Sektor üzrə ralliyə Casey’s səhmləri liderlik edir. Şirkətin səhmləri ilin əvvəlindən 54%-dən çox bahalaşıb. Casey’s ilin yekunlarına görə son 35 ilin ən yüksək gəlirliliyini göstərə bilər. Buna şirkətin dörd ay əvvəl S&P 500 indeksinə daxil edilməsi də töhfə verib.
Əhəmiyyətli maddi aktivlərə və texnoloji köhnəlmə riskinin aşağı olmasına malik şirkətlərə investisiya edən Roundhill HALO fondu bu yaxınlarda Casey’s səhmlərini alıb və şirkəti texnologiya sektorundan kənarda cəlbedici investisiya imkanı adlandırıb. Casey’s fondun portfelində bu sektoru təmsil edən yeganə şirkət olub.
Səhmlər niyə bahalaşır?
Enerji daşıyıcılarının qiymətləri ABŞ-nin fevralın sonunda İrana hücum etməsindən və ardınca Hörmüz boğazının bağlanmasından sonra yüksəlib. Yanacaq qiymətlərindəki kəskin dalğalanmalar yanacaqdoldurma məntəqələri yanında mağazalar işlədən operatorların xeyrinədir.
Bu şirkətlər pərakəndə yanacaq qiymətlərini kifayət qədər yüksək səviyyədə saxlaya, eyni zamanda yanacağın alınması üçün ən sərfəli məqamı seçə bilirlər. Bu da yanacaq seqmentində mənfəət marjasını artırmağa imkan verir. Məsələn, Kanadanın Alimentation Couche-Tard şirkəti artıq bu göstəricinin yüksəldiyini açıqlayıb. Şirkətin səhmləri ilin əvvəlindən 22% bahalaşıb.
İnvestor marağı yalnız sektorun ən böyük şirkətləri ilə məhdudlaşmır. Apreldə keçirilən IPO zamanı mağaza və yanacaqdoldurma məntəqələri operatoru Yesway-in səhmlərinə tələb təklifi on dəfə üstələyib. Ticarətə başladıqdan sonra şirkətin səhmləri 22% bahalaşıb.
JPMorgan analitiki Tomas Palmer qeyd edir ki, benzinlə yanaşı, içkilər, hazır qidalar və nikotin paketləri də satışların artmasına töhfə verir. Murphy USA rəhbərliyi nikotin paketlərinin satışının və siqaretə tələbin bərpasının ilin ikinci yarısında şirkətin nəticələrini dəstəkləyəcəyini gözləyir. Murphy USA səhmləri ilin əvvəlindən təxminən 40% bahalaşıb.
“Bu şirkətlərin, yəni mağaza və yanacaqdoldurma məntəqələri operatorlarının pul axınları yanacaq, ərzaq və digər əsas mallara gündəlik tələblə təmin olunur”, — Roundhill Financial-dan Deyv Mazza bildirib.
Risklər nələrdir?
Neft bazarı sabitləşdikdən sonra yanacaqdoldurma məntəqələri yanında mağazalar işlədən operatorların hazırkı üstünlüyü zəifləyə bilər. Bu halda investorların diqqəti müqayisə edilə bilən satış göstəricilərinə və şəbəkələrin yüksək yanacaq marjasını qoruyub saxlamaq qabiliyyətinə yönələcək.
“Hazırda ilin sonuna qədər pərakəndə marjanı proqnozlaşdırmaq çox çətindir. Volatillik yüksək olaraq qalır, böhran gah kəskinləşir, gah səngiyir və bütün bunların necə başa çatacağı məlum deyil”, — Murphy USA-nın rəhbəri Mindi Uest bildirib.
Şirkət bu qeyri-müəyyənliyi nəzərə alaraq bilərəkdən konservativ proqnoz təqdim edib.







