13 C
Baku
Wednesday, November 20, 2024

Süni İntellekt?! Gəlin tanış olaq…

Hər nə qədər Süni İntellekt (Sİ) söz birləşməsi son illərdə lüğət tərkibimizə daxil olsa da, mütəmadi olaraq eşitsək də, oxuyanda qarşımıza çıxsa da, yəqin ki bu anlayışın nə anlama gəldiyini ifadə etməkdə hələ də çətinlik çəkərik. Anlaşılandır. Çünki bu anlayışın geniş tətbiq edildiyi ölkələrdə belə sahənin mütəxəssisləri istisna olmaqla az sayda kütlə olar ki bu barədə məlumatlıdır. Narahat olmayın, göründüyü kimi mürəkkəb deyil. Gəlin bunun üçün aşağıda qeyd olunmuş cümlələrlə tanış olaq. Həmin cümlələr Sİ anlayışını izah etmək, ifadə etmək üçün ən çox istifadə olunan təsvirlərdir. Bunlardan sizə hansıları anlaşılandırsa onu da qəbul edə bilərsiniz.

  • İntellektual olaraq düşünə və davrana bilən maşınların hazırlanmasıdır, və ya
  • Funksiyaları, tapşırıqları yerinə yetirmək üçün insan intellektini yamsılayan maşınlar və ya sistemlərdir, və ya

–     Maşınların keçmiş təcrübələrdən öyrənməsi, yeni təcrübələrə uyğunlaşması və tapşırıqları, funksiyaları sıravi insan kimi icra etməsi, yerinə yetirməsidir.

Burada (Sİ mövzusunda) istifadə olunan 2 sözün izahına xüsusi ehtiyac var: “intellekt” və “maşın”. Bəli, qeyri-adi sözlər deyil, lakin Sİ mövzusunda onlar ayrı əhəmiyyət, ayrı məna daşıyırlar. Bu sözləri bilməyiniz Sİ anlayışını daha yaxşı anlamanıza, daha yaxşı qəbul etməyinizə faydalı olacaqdır.

O zaman bu “intellekt”i xüsusi edən nədir?

Burada “intellekt” dedikdə insana məxsus olan bacarıq və qabiliyyətlər nəzərdə tutulur. Həmin bacarıq və qabiliyyətlər isə əsasən “öyrənmə”, “əsaslandırma”, “problem həll etmə”, “qavrama” və “dilin istifadəsi”dir. Bu kontekstdə “Süni İntellekt – insana məxsus bacarıq və qabiliyyətlərin təqlid edilməsidir” nəticəsinə gəlmək olar.

Bəs “maşın” sözü niyə belə əhəmiyyətlidir?

Burada “Maşın” dedikdə isə hər hansı insan müdaxiləsi olmadan verilmiş dataları (keçmişə dair məlumatları) təhlil etməklə qərar verən kompüterlər və ya texnoloji avadanlıqlar nəzərdə tutulur. Bu maşınlar həmin datalara (keçmişə dair) alqoritmlər və statistik modellər tətbiq edərək onlardan nəticə çıxarıb qərar verirlər.

Qeyd edilənləri praktiki olaraq da anlamamız üçün gəlin Sİ-nin tətbiq edildiyi məşhur nümunələrlə tanış olaq:

  • Siri, Alexa kimi ağıllı şəxsi assistentlər
  • Google-da axtarış edərkən “təklif edilən” axtarış şablonları
  • Email-lərdə avtomatik spam filterinin aparılması
  • Səsin mətnə çevrilməsi
  • YouTube-da subtitrda tərcüməsi olmayan videoların səstanıma texnologiyası əsasında tərcümələrinin təqdim edilməsi
  • Elektron ticarət saytlarında alış-veriş edərkən tövsiyə edilən əşyaların olması (keçmiş satınalmalar və axtarışlar əsasında)
  • iPhone-da və Snapchat-da virtual, üztanıma filterlərinin tətbiq edilməsi
  • Facebook-da mümkün dost(luq)ların tövsiyə edilməsi
  • Müştərilərə daha yaxşı xidmət göstərmək üçün chatbot-lardan istifadə olunması
  • Nəqliyyatda avtonom nəqliyyat vasitələrinin (Tesla avtomobilləri) hərəkətinin tənzimlənməsi

Siyahıdakı əksər nümunələr gündəlik həyatımızda mütəmadi olaraq qarşımıza çıxan Sİ həlləridir.  Gedişat onu göstərir ki, bu növ həllər gələcəkdə daha geniş tərkibdə həyatımızın tərkib hissəsinə çevriləcəkdir.

Müəllif: Orxan Məmmədli

Son xəbərlər
Digər xəbərlər