Əfsanəvi sahibkar Bill Qeyts bu yaxınlarda süni intellektin (Sİ) gələcəklə bağlı necə böyük təsir göstərəcəyindən danışıb. O, Sİ-nin birinci növbədə müəllim və həkim çatışmazlığı problemini həll edəcəyini deyir. Qeyts əmindir ki, bu texnologiya hətta fiziki əməyə əsaslanan, “mavi yaxalı” adlandırılan peşələrdə də işçi qüvvəsi çatışmazlığını aradan qaldıra bilər.
“Süni intellekt müəllim və həkim çatışmazlığını aradan qaldıracaq”
Qeyts podkastların birində bildirib ki, artıq həkim və müəllim çatışmazlığı problemi unudulacaq, çünki bu məsələləri süni intellekt həll edəcək:
“Süni intellekt tibb sahəsində ixtisaslı mütəxəssislərin çatışmazlığını kompensasiya edəcək”.
Qeyts uzun illərdir ictimai səhiyyə məsələlərinə diqqət ayırır və bildirir ki, Hindistan və Afrika ölkələri hələ də tibb işçilərinin çatışmazlığı ilə üz-üzədir. ABŞ da bu çətinliklərlə qarşılaşır.
Amerika Tibb Kollecləri Assosiasiyasının keçən ilki hesabatına əsasən, 2036-cı ilə qədər ABŞ-da 86 min həkim çatışmazlığı olacaq. “Bütün vətəndaşlar, o cümlədən kənd yerlərində yaşayanlar və tibbi sığortası olmayanlar üçün bərabər tibbi xidmət səviyyəsini təmin etmək üçün yüz minlərlə həkimə ehtiyac var”, – deyə keçən il Business Insider-ə açıqlamasında təşkilatın əmək bazarı üzrə direktoru Maykl Dill bildirib.
Əhalinin qocalmasına baxmayaraq, geriatrik (qocalara yönəlmiş) ixtisaslı həkimlərin sayı da azalır. Mart ayında həkimlər xəbərdarlıq ediblər ki, yaşlı pasiyentlərin axını xidmət keyfiyyətində böhrana səbəb ola bilər.
Bu problemi yüngülləşdirmək üçün səhiyyəyə yönəlmiş Sİ startapları milyardlarla investisiya cəlb edir. Məsələn, Suki, Zephyr AI və Tennr kimi şirkətlər təkrarlanan işləri (sənədləşmə, hesabların hazırlanması), diaqnostikanın dəqiqliyini artırmağı və fərdi müalicə metodlarının tapılmasını avtomatlaşdırmağı vəd edirlər.
McKinsey konsaltinq şirkətinə görə, generativ süni intellekt səhiyyə və əczaçılıq sahəsində 370 milyard dollar dəyərində əlavə məhsuldarlıq gətirə bilər.
Təhsil sahəsində də dəyişikliklər yaxınlaşır
ABŞ-da 2023-cü ildə dərc olunan federal məlumatlara əsasən, ibtidai və orta məktəblərin 86%-i 2023–2024 tədris ilində müəllim tapmaqda çətinlik çəkdiyini bildirib. Dövlət məktəblərinin təxminən 45%-i işçi çatışmazlığından şikayət edib.
Böyük Britaniyada isə Londondakı bir orta məktəb bəzi müəllimlərin yerini ChatGPT kimi süni intellekt alətləri ilə əvəz etməyə başlayıb. David Game Kollecində keçirilən pilot proqramda 20 şagird bir il ərzində ingilis dili, riyaziyyat, biologiya və informatika üzrə dərslərdə süni intellektdən istifadə edəcək.
Müəllimlərin bəziləri Sİ-dən köçürmə üçün istifadə olunacağından ehtiyat etsələr də, ötən il generativ Sİ-nin tədris prosesini təkmilləşdirmə potensialını yüksək qiymətləndiriblər. Bu texnologiya müəllimlər üçün vaxt qazandırır və təhsilin effektivliyini artırır, xüsusən də siniflərdə işləmək çətinləşdiyi dövrdə.
Bəs insanlar nə iş görəcək?
Qeyts təkcə həkim və müəllimlərdən danışmır. Onun fikrincə, Sİ fabriklərə, tikinti sahələrinə, otellərdə təmizlik işlərinə və ümumiyyətlə fiziki əməyə əsaslanan bütün sahələrə daxil olacaq:
“Bu sahələrdə işləmək üçün çevik və bacarıqlı əllərə ehtiyac var. Süni intellekt və robot texnologiyası ilə buna nail olacağıq”, – deyə Qeyts vurğulayıb.
Nvidia kimi texnoloji nəhənglər əllə görülən işlər üçün humanoid robotlara milyardlarla sərmayə yatırır. Bu robotlar anbarlarda yüklərin daşınması, döşəmələrin yuyulması kimi işləri görərək əmək xərclərini azaltmaq və effektivliyi artırmaq məqsədi daşıyır.
Gələcəkdə insan əməyinə ehtiyac azalacaq
Qeyts hesab edir ki, əmək anlayışı tamamilə dəyişəcək:
“İnsanlar daha tez pensiyaya çıxa, daha az işləyə biləcək. Bu, ‘boş vaxtımızı necə keçirməliyik?’ sualını demək olar ki, fəlsəfi səviyyədə yenidən düşünməyi tələb edəcək”.
O əlavə edir ki, bu suala cavab tapmaq onun üçün də çətindir:
“Bizim kimi həyatının 70 ilini ‘çatışmazlıq’ içində keçirmiş insanlar üçün bu təsəvvürolunmazdır”.
1930-cu ildə iqtisadçı Con Meynard Keyns proqnozlaşdırmışdı ki, texnoloji inkişaf nəticəsində insanlar həftədə yalnız 15 saat işləyəcək.
Lakin 100 ilə yaxın müddət keçməsinə baxmayaraq, əksər insanlar hələ də həftədə təxminən 40 saat işləyir.
Qeyts isə belə deyir:
“Mən işləməyə məcbur deyiləm. Sadəcə işləmək istəyirəm. Niyə? Çünki bu, maraqlıdır”.