The Atlantic nəşri son dövrlərin ən çox müzakirə olunan mövzularından biri – süni intellekt bumu və onun mümkün çöküş ssenarisi barədə məqalə dərc edib.
Süni intellektin yaratdığı bum artıq kosmosdan da görünür. ABŞ-ın İndiana ştatındakı Nyu-Karlayl qəsəbəsinin peyk şəkilləri bir vaxtlar kənd təsərrüfatı torpaqları olan ərazilərin cəmi bir il ərzində böyük sənaye parklarına çevrildiyini göstərir. Orada artıq yeddi məlumat mərkəzi (data center) fəaliyyət göstərir, daha 23-nün tikintisi davam edir. Hər binanın içərisində soyuducu ölçüsündə saysız çip modulları fasiləsiz işləyərək nəhəng miqdarda hesablamalar aparır. Bu mərkəzlər Amazon-a məxsusdur və aparıcı Süni intellekt şirkəti Anthropic-in modellərini öyrətmək və idarə etmək üçün istifadə olunur. Ekspertlərə görə, hələ tam hazır olmayan bu kompleks artıq 500 meqavatdan çox elektrik enerjisi sərf edir — bu da yüz minlərlə ABŞ evinin istehlakına bərabərdir. Layihə tam başa çatdıqda, Nyu-Karlayldakı məlumat mərkəzləri iki Atlanta şəhərinin enerji sərfiyyatını belə üstələyəcək.
Süni intellektə yönələn enerji və vəsait miqdarı inanılmazdır. Qlobal xərclərin bu ilin sonuna 375 milyard dollara, 2026-cı ildə isə yarım trilyon dollara çatacağı proqnozlaşdırılır. ChatGPT-nin istifadəyə verilməsindən sonra S&P 500 indeksindəki artımın 75 faizi süni intellekt texnologiyaları ilə məşğul olan şirkətlərin hesabına baş verib. Əslində, bir çox iri şirkətlərin dəyəri süni intellektin yaratdığı bu “yüksəliş bazarı” sayəsində qorunur. Bu tendensiyanı Nvidia-nın rekord nəticəsi də təsdiqləyir: o, tarixdə ilk dəfə 5 trilyon dollarlıq dəyərə çatan şirkət olub.
Cəmi 20 il əvvəl Ford-un bazar dəyəri Nvidia-dan üç dəfə çox idi, indi isə vəziyyət tam tərsinədir. Necə ki, Səudiyyə Ərəbistanı “neft dövləti” sayılırsa, ABŞ da getdikcə “süni intellekt dövləti”, daha dəqiq desək, “Nvidia dövləti”nə çevrilir. Bu yüksəlişin bazarlara qısamüddətli müsbət təsiri olsa da, iqtisadi sistemin əsas dayaqlarının bu qədər az şirkətin əlində cəmlənməsi böyük risk yaradır.
ABŞ hazırda “mehriban girov” vəziyyətindədir. Süni intellekt xərcləri ÜDM artımına bütün istehlak xərclərindən daha çox təsir göstərir. Hətta bəzi hesablamalara görə, 2025-ci ilin ilk yarısında ÜDM artımının 92 faizi məhz bu sahənin payına düşüb. 2022-ci ilin sonundan bu yana S&P 500-də texnologiya sektorunun çəkisi 22 faizdən 33 faizə qalxıb. Meta, Microsoft və Alphabet kimi nəhənglər gəlirlərini artırdıqlarını açıqlayıb, Reuters isə OpenAI-nin gələn il 1 trilyon dollarlıq dəyərlə birjaya çıxmağı planlaşdırdığını yazıb.
Ekspertlər bu artımın uzunmüddətli olacağına inansalar da, enerji və resursların bu qədər böyük miqyasda yönəldilməsi bir çox iqtisadçını narahat edir. OpenAI artıq 30 giqavat gücündə yeni məlumat mərkəzləri tikməyi planlaşdırır — bu, bütün Yeni İngiltərə bölgəsinin ən isti gündəki enerji tələbatından çoxdur. Şirkətin rəhbəri Sem Altman hətta hər həftə 1 giqavatlıq yeni infrastruktur qurmaq istədiyini bildirib. Digər texnologiya nəhənglərinin də oxşar planları var.
Buna baxmayaraq, real iqtisadi göstəricilər qarışıqdır: texnologiya şirkətlərinin səhm qiymətləri qalxsa da, mənfəət payları dəyişmir, iş yerləri azalır, 22 ştat resessiya vəziyyətindədir. ABŞ-da sənaye istehsalı tənəzzüldədir. İqtisadçılar xəbərdarlıq edir ki, süni intellekt sektoru digər iqtisadi problemləri kölgədə qoyur və bəlkə də onun vədləri illüziyadan başqa bir şey deyil.
İnvestorlar “balon” ehtimalından daha çox danışmağa başlayıblar. Süni intellektə yönəldilən nəhəng yatırımlar hələlik onun gətirdiyi real gəlirlərlə uzlaşmır. Məsələn, The Information yazır ki, OpenAI ötən il 4 milyard dollar qazanıb, amma 5 milyard dollar itirib. Microsoft-un OpenAI-yə yatırımları da üç milyard dollardan çox zərərə gətirib. Meta-nın süni intellekt layihələrinə ayırdığı vəsait səhmlərinin 9 faiz ucuzlaşmasına səbəb olub.
McKinsey-nin hesabatına əsasən, süni intellekt istifadə edən şirkətlərin 80 faizi bu texnologiyanın mənfəətlərinə ciddi təsir etmədiyini bildirib. Bəzi tədqiqatçılar hesab edir ki, artıq hazırda generativ süni intellekt üçün kifayət qədər enerji və hesablama gücü mövcuddur və yeni nəhəng mərkəzlərə ehtiyac şişirdilmiş ola bilər.
Ən qorxulu ssenari ondan ibarətdir ki, bütün bu sərmayələr uzunmüddətli gəlir gətirməsin. Bu, tarixdə dəfələrlə baş verib: dəmir yolları, kanallar, optik kabellər və “dot-kom” dövründə internet infrastrukturu da eyni şəkildə “köpük” yaratmış, sonra isə bazarlar çökmüşdü.
Buna baxmayaraq, OpenAI, Google, Microsoft, Amazon və Meta kimi şirkətlər mümkün üstünlüyü qazanmaq üçün sərhədsiz xərcləməyə hazırdır. Hər biri “superağıl”ı (AGİ) birinci yaratmaq istəyir. Hazırda onların kifayət qədər kapitalı var, lakin məlumat mərkəzlərinə yönələn xərclər yaxın zamanda bu pulları belə üstələyə bilər. Nəticədə şirkətlər borclanmağa, yəni xarici maliyyə mənbələrinə üz tuturlar.
Bu isə 2008-ci ildəki maliyyə böhranını xatırladır. İndi texnoloji şirkətlər borcu birbaşa almamaq üçün fərqli üsullara – “icarə ilə təmin edilmiş istiqrazlar” və digər maliyyə alətlərinə – əl atır. Məsələn, Meta-nın Luizianadakı məlumat mərkəzinin maliyyələşməsi bu cür “kirayə təminatlı” istiqrazlarla həyata keçirilib.
Amma məlumat mərkəzləri dəmir yolları və ya lif kabelləri kimi uzunömürlü deyil. Onlarda istifadə olunan çiplər cəmi bir neçə ilə köhnəlir, çünki Nvidia və rəqibləri tez-tez yeni nəsil avadanlıqlar buraxır. Bu isə sərmayələrin davamlılığını sual altına qoyur.
Əgər süni intellekt şirkətləri vədlərini yerinə yetirməsələr, texnologiya bazarının dəyəri kəskin şəkildə azala bilər. Bu halda fondlar, pensiya aktivləri və sığorta şirkətləri də zərər çəkə bilər. Belə bir domino effekti yeni qlobal maliyyə böhranını tətikləyə bilər.
Hazırda OpenAI Oracle-a 300 milyard dollar ödəyir, Oracle isə bu vəsaiti Nvidia-nın çiplərinə xərcləyir, Nvidia da öz növbəsində OpenAI-yə sərmayə yatırır. Bu dairəvi axın “texnoloji kapitalizmin hiperobyekti” adlandırılır və iqtisadçılar bunun sonsuza qədər davam edə bilməyəcəyini deyirlər.
Bəlkə də bu sərmayələr nəticə verəcək. Cəmi üç il əvvəl generativ süni intellekt gəlir gətirmirdi, bu gün isə on milyardlarla dollar qazandırır. Amma həddindən artıq böyümə və ambisiya bəzən tənəzzülün başlanğıcı olur.
2025-ci ilin sonuna yaxın məlumat mərkəzləri bir növ mədəni simvola çevrilib — həm texnoloji üstünlüyün, həm də iqtisadi qeyri-sabitliyin rəmzinə. Bəzi iqtisadçılar xəbərdarlıq edir: əgər süni intellekt vədlərini doğrultsa, bu, milyonlarla iş yerinin itirilməsinə və qlobal iqtisadiyyata sarsıdıcı zərbə vuracaq. Əgər doğrultmasa, nəticə eyni dərəcədə dağıdıcı ola bilər — bu dəfə maliyyə sistemində.
Sillikon Vadisinin son 20 ildəki dərsi aydındır: Meta, Amazon, Google və yeni süni intellekt laboratoriyaları dünyanı dəyişdirdi, lakin çox zaman bunun nəticələrinə biganə qaldı. İndi isə məlumat mərkəzlərinin tikintisi həmin ambisiyanın kulminasiyasına çevrilib — böyümə naminə böyümə. Amma bu yarışın sonunda kimin qalib, kimin məğlub olacağı hələ bəlli deyil.







