Gələcəyin peşələri artıq keçmişə qovuşmaq üzrədir. Uzun illər ərzində gəlirli iş axtaran gənclərə kompüter elmlərinə tam fokuslanmaları tövsiyə olunurdu. 2005-ci ildən 2023-cü ilə qədər yalnız ABŞ-da kompüter elmləri üzrə mütəxəssislərin sayı 4 dəfə artıb.
Amma son statistik göstəricilər təəccübləndirir. Professorlar və fakültə rəhbərləri ilə aparılan müsahibələrə əsasən, bu il tələbə qəbulunda artım cəmi 0.2% təşkil edib və bəzi universitetlərdə bu say artıq azalmağa başlayıb. Kompüter elmləri sahəsində qabaqcıl ali məktəblərdən biri olan Stanford Universitetində bu sahədə ixtisaslaşan tələbələrin sayı illərlə davam edən artımdan sonra azalıb. Prinston Universitetinin kompüter elmləri fakültəsinin rəhbəri Şimon Rusinkieviç bildirir ki, əgər bu tendensiya davam etsə, 2 ildən sonra universitetdə kompüter elmləri üzrə məzun sayı 25% azalacaq. Duke Universitetində bu ixtisas üzrə giriş kurslarına yazılan tələbələrin sayı isə bir il ərzində 20% azalıb.
Əgər bu geriləmə təəccüblüdürsə, səbəbi isə olduqca sadədir: gənclər yeni başlayan proqramçılar üçün əmək bazarının qaranlıq gələcəyindən xəbərdardırlar. Son illərdə texnologiya sektoru işdən çıxarılmalar və işə qəbulun dondurulması ilə sarsılıb. Bu vəziyyətin əsas günahkarı elə texnologiyanın özüdür. Süni intellekt (AI) kod yazarı kimi adi mətn yazan insandan daha qiymətli sayılır. Bu isə o deməkdir ki, süni intellekt onu yaradan insanları əvəzləmək üçün idealdır. Pew Araşdırma Mərkəzinin son tədqiqatı göstərdi ki, respondentlərə görə AI-dən ən çox zərər görəcək peşə proqram mühəndisliyidir. Gənclər isə bu riski öz üzərlərində yoxlamaq istəmirlər.
Brookings İnstitutunun əmək bazarına AI-nin təsirini araşdıran tədqiqatçısı Molli Kinder bu durumu belə ifadə edir:
“Bu, həqiqətən heyrətləndiricidir. Bu sahə bir vaxtlar gələcəyin işi sayılırdı. Texnologiyalardan geri qalmamaq üçün proqramlaşdırma öyrənmək vacib sayılırdı.”
Amma görünür, “kod yazmağı öyrən” dövrü başa çatmaq üzrədir. Rəqəmlərə baxsaq, texnoloji ixtisaslara marağın pik nöqtəsi artıq geridə qalıb.
Kris Gropp, Tennessi Universitetində doktorantdır. İnformatika, riyaziyyat və hesablamalı elmlər üzrə üçqat ixtisas alıb və informatikadan PhD dərəcəsi qazanıb. O, 8 ay iş axtarıb, amma nəticə ala bilməyib. Cəmi iki tanışı son vaxtlar iş tapa bilib. Onlardan biri 40 fərqli vakansiyaya fərdi motivasiya məktubu yazıb, digəri isə 600 müraciət göndərib.
Gropp deyir:
“AI inqilabının içindəyik və mən bu inqilabı həyata keçirən süni intellekt sahəsində mütəxəssisəm. Amma buna baxmayaraq, iş tapa bilmirəm. Bir neçə ay əvvəl düşündüm: bəlkə sadəcə hər şeyi buraxım və həyatım boyu oxuduğum sahəni qoyub elektrikçiliyi öyrənim?”
Gropp-un yaşadığı çətinliklər təkcə ona aid deyil – ümumiyyətlə kollec məzunları üçün, xüsusilə də texnoloji sahədə iş bazarı daralıb. 22–27 yaş arası gənclər üçün digər sahələrdə iş imkanları bir qədər artsa da, kompüter elmləri üzrə məşğulluq bu yaş qrupu üçün 8% azalıb. Bir vaxtlar Stenford, Berkli və Karnegi-Mellon kimi universitetlərin məzunları Google və Amazon kimi şirkətlərdən çoxsaylı təkliflər alırdı. İndi isə professorların dediyinə görə, tələbələr iş tapmaq üçün ciddi səy göstərməlidir.
Gropp-un atası, Uilyam Gropp, İllinoys Universitetində Milli Hesablama Mərkəzinin rəhbəridir. O da oğlunun vəziyyətini təsdiqləyərək deyir:
“Mən magistr dərəcəsinə malik bir süni intellekt mütəxəssisi olan oğlumun hələ də iş tapa bilmədiyini görəndə başa düşürəm ki, sənaye əvvəlki kimi deyil.”
İronik şəkildə desək, elə AI mütəxəssisləri öz sahələrində iş tapa bilmirlər, çünki süni intellekt onların yerini tutur. Prinston Universitetindən Rusinkieviç bildirir:
“AI işçiləri daha effektiv işləməyə imkan verir, bu səbəbdən də şirkətlər daha az heyətlə işləməyə üstünlük verə bilər.”
AI-nin insanları əvəz etməsinin ən açıq sübutu – bu texnologiyanı ən çox tətbiq edən sənayenin işsizliklə üzləşməsidir. Alphabet və Microsoft rəhbərləri açıq şəkildə bildiriblər ki, onların yazılım kodlarının 25%-dən çoxu AI tərəfindən yazılır və ya yazmağa kömək olunur. (Microsoft yaxınlarda 6000 nəfəri işdən çıxarıb.) Anthropic şirkətinin məhsul direktoru isə etiraf edib ki, böyük mühəndislər öz işlərini insanlara yox, çat-botlara (Aİ agentlərə) həvalə edirlər. Şirkətin baş direktoru isə xəbərdarlıq edib:
“Gələn 5 ildə süni intellekt bütün yeni başlayan işçilərin yarısını əvəz edə bilər.”
Brookings İnstitutunun əməkdaşı Kinder bu vəziyyəti belə şərh edir:
“Şirkətlər yaxın zamanda sadəcə olaraq karyera pilləsinin ilk addımını tamamilə ləğv edə bilərlər.”
Bəzi ekspertlər isə bu dəyişiklikləri təkcə AI ilə əlaqələndirmir. Texnologiya sektoru həmişə dalğalı olub. Pandemiya sonrası iqtisadi artım dövründə böyük şirkətlər sürətlə böyüdü. İndi isə yüksək faiz dərəcələri və əlavə gömrük rüsumları fonunda şirkətlər işçi sayını artırmağa risk etmir. Corctaun Universitetindən tədqiqatçı Zak Meybl bildirir ki, AI bəhanəsi ilə edilən ixtisarların bir çoxu şirkətlərin öz qərarlarıdır. Harvard professoru David Deming isə əlavə edir:
“AI-nin əmək bazarına təsiri haqqında hələ dəqiq bir şey deyə bilmərik. Çünki əksər şirkətlər hələ yeni reallığa uyğunlaşmayıblar.”
Əvvəllər də kompüter elmlərinə maraq əmək bazarının vəziyyətindən asılı olaraq artıb-azalıb. Əvvəlki enişlərdən sonra maraq daha güclü şəkildə geri qayıdıb. (Bəzi universitetlər, məsələn, Çikaqo Universiteti hələ də tələbə qəbulunda azalma müşahidə etmir.)
MIT professoru Səm Mədən hesab edir ki, AI istifadə olunsa belə, bu daha çox proqramçılara tələbat yaradacaq, nəinki azaldacaq.
Nəticə nədir?
İstər bu, müvəqqəti bir sakitlik olsun, istərsə də karyera dünyasında kəskin dəyişiklik – iqtisadçılar tələbələrə dayanıqlı, lakin çevik bacarıqlara əsaslanan ixtisaslar seçməyi tövsiyə edirlər. İnanması çətin olsa da, bu ixtisaslara humanitar elmlər də daxildir.
Deming-in tədqiqatları göstərir ki, tarix və sosial elmlər üzrə ixtisaslaşan insanlar zamanla mühəndislərdən daha çox qazanırlar. Çünki işəgötürənlər çevik və çox yönlü bacarıqlara malik işçilər axtarır.
Deming deyir:
“Çox spesifik və dar bir sahə üzrə oxumaq risklidir. Gələcəyin necə olacağını bilmirsiniz. Sizə 45 illik iş həyatında lazım olacaq bacarıq seti toplamalısınız.”
Lakin böyük qeyri-müəyyənlik fonunda bəzi gənclər daha real və praktiki yolları seçirlər – məsələn, elektrikçi olmaq. İndi əsas sual budur: bu yolların nə qədərini süni intellekt bağlayacaq?