14 C
Baku
Saturday, April 27, 2024

“Supermaketlərin bazarları əvəz edə bilməsi mümkün deyil” — MÜSAHİBƏ

Banker.az olaraq iqtisadçı Elman Sadıqovla ölkəmizdə, regionumuzda və dünyada baş verən müxtəlif hadisələrə, çağırışlara müxtəlif prizmalardan nəzər salmağa çalışdıq.

— Elman müəllim, bir müddətdir analitik məqalələr yazmırsınız. Ciddi hadisələr baş vermir, sakitlikdir, yoxsa başqa səbəblər var?

— Sakit görünən çayın dərinliklərində axınlar daha iti, daha güclü olur. Dünya da hazırda belə çaya bənzəyir. Üzdə sakitlikdir, amma dərində ciddi hadisələr baş verir. Əslində toxunmalı mövzu çoxdur. Analitik yazıların azalmasına gəlincə, bir tərəfdən hazırda daha çox əmək bazarı məsələlərinə fokuslanmışam. Digər tərəfdən isə, cəmiyyətdə analitik yazılara maraq azdır. Bir dəfə də bu haqda məqalə yazmışdım. İndi daha çox şou-biznes, kriminal xəbərlər, bir də 1 dəqiqəlik videolar dəbdədir. İnsan beyni buna alışdıqca kitabdan, düşünməkdən, analitik məqalələr oxumaqdan uzaqlaşır, yadırğayır, düşünmək istəmir və nəticədə beyin tənbəlləşir. Cəmiyyətdə hazırda proseslər bu istiqamətdədir. Amma gələcək illərdə bunların bedelini təəssüf ki, ödəyəcəyik.

— Yeri gəlmişkən, əmək bazarı indiyə qədər demək olar ki, haqqında danışılmayan mövzudur.

Doğrudur. Əmək bazarı pandemiyaya qədər mövzu olaraq diqqətdən kənarda qalmışdı. Əmək bazarı çoxlarının haqqında çox şey bilib, əslində dərinliklərini tam anlamadıqları bir dəryadır. Bu dərya dərin bir şəkildə araşdırılacaq. Mən çoxları dedikdə cəmiyyətdəki çoxluğu nəzərdə tuturam. Əmək bazarı hər birimizin bu günü, gələcəyi, gələcək nəsillərimiz, təhsilimiz, iqtisadiyyatımızı maraqlandıracaq bir mövzudur. Əmək bazarı bundan sonrakı illərdə təkcə ölkəmizdə deyil, bütün dünyada ən aktual top 3 mövzudan biri olacaq. Bu bazardakı aktual məsələlər, çağırışlarla bağlı bir sıra fikirləri səsləndirmişik, bir sıra fikirləri də bu il ərzində səsləndirəcəyik. Cəmiyyətin gələcəyinin necə olacağı əmək bazarının düzgün dərk olunması ilə birbaşa əlaqəlidir.

Yaxın Şərqdə mənzərə dəyişir

— Elman müəllim, ilk baxışda dünyada bir sakitlik hökm sürür. Amma Siz ciddi hadisələrin baş verdiyini qeyd etdiniz. Hansı hadisələrdir?

— Əlbəttə, bir çox hadisələrin hamısına toxuna bilmərik. Amma ölkəmiz, regionumuz, qardaş Türkiyəyə birbaşa və dolayı yolla təsir edən bir neçə hadisəni qeyd edə bilərik. Əvvəla, Yaxın Şərqdə mənzərə dəyişir. Körfəz ölkələri (Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Oman), İsrail və Türkiyə arasında ikili və çoxtərəfli əlaqələr dərinləşməkdə və açıq müstəviyə keçməkdədir. İkincisi, dünyanın enerji bazarında olacaq ciddi dəyişikliklərin müəyyən konturları görünməyə başlayıb. Üçüncüsü, Rusiyanın dərin bir bataqlığa düşdüyünü artıq hamı anlayır. Rusiya NATO-nu və MDB ölkələrində baş verənləri özü üçün ciddi bir təhdid hesab edir. Təhlükəni Qərbdən və NATO-dan gözləyir. Rusiya üçün onların hər ikisi ciddi təhdid deyildir. Rusiya üçün yaxın gələcəkdə 2 böyük təhdid mövcuddur ki, bunlarda biri də monetar sahədir. Rusiya iqtisadiyyatı üçün hazırki monetar siyasət saat mexanizmi olan və qurulmuş dağıdıcı bombaya bənzəyir. Dördüncüsü, ən əsas məsələlərdən biri qardaş Türkiyə ilə bağlıdır. Siyasi müstəvidə rolu və nüfuzu daha da güclənəcək. Lakin, iqtisadi sahədə təəssüf ki, eyni fikri söyləmək çətindir. Əslində, iqtisadi sahədə baş verənlər qardaş Türkiyə üçün əyləc rolunu oynayır. Yəni, daha sürətli və uzağa gedən bəzi addımları buxovlamaq missiyası daşıyır.

— Türkiyə ilə Yunanıstan arasında müharibə ehtimalı varmı?

Sıfır ehtimal deyə bir anlayış yoxdur. Ehtimal həmişə var. Amma bu ehtimal çox aşağıdır. Bu barədə fikirlərimi bir dəfə qələmə almışdım. Qısa desək, Türkiyənin güclənməsi və Yaxın Şərqdə bir çox problemlərin həllində açar rolunu oynamasını istəyən böyük, ciddi güclər də var, əksini istəyən böyük qüvvələr də. Hadisələrin gedişatı, Yunanıstandan təzyiq vasitəsi kimi istifadə edərək Türkiyədən müəyyən güzəştlər qopartmaq istəyən qüvvələrin buna ciddi bir şəkildə nail ola bilməyəcəklərini proqnozlaşdırmağa imkan verir. Müharibəyə gəlincə. İki NATO ölkəsi arasında geniş müharibəyə imkan verilməz. Xüsusilə, NATO üçün birliyin önəmli olduğu indiki vəziyyətdə, Rusiya-Ukrayna müharibəsi davam edərkən…

— Neftin qiymətləri ilə bağlı nə düşünürsünüz?

Bu il neftin və qazın qiymətində ciddi enişin, çöküşün olacağı ehtimalı çox aşağıdır. Enerji bazarında ciddi transformasiyaların şahidi olacağıq. Bazar yenidən bölüşdürülür. Riskli, həm də paradoksal mərhələdir. Əslində bu qiymətləri bircə aya düşürmək mümkündür. Çünki, neft hasil edən ölkələrin, xüsusilə hazırda neft bazarından kənarda qalan ölkələrin buna potensialı çatar. Lakin, bu addım atılmır. Neft ehtiyatlarından ciddi şəkildə istifadə olunmur. Qaz bazarında isə vəziyyət nisbətən başqadır. Avropa özünün qış üçün olan qaz ehtiyatlarının bir hissəsindən istifadə edir. Payıza qədər Avropa alternativ bazarlardan qaz tədarükünün onun tələblərini öncəki dövrlərlə müqayisədə daha çox ödəyəciyini planlaşdırır. Digər tərəfdən isə alternativ enerji sahəsi sürətlə inkişaf edir, genişlənir.

— Elman müəllim, digər tərəfdən ABŞ FED-nin rəhbəri Jerome Powel yüksək enerji qiymətlərinin yüksək inflyasiyaya səbəb olduğunu qeyd edir. FED və dünya iqtisadiyyatı inflyasiyanın qarşısını ala biləcəkmi?

Mənim üçün, əslində əsas 4 fundamental sual var. Birinci sual: Dünya iqtisadiyyatı bir barel neftin 100 dollardan yuxarı həddinə nə zamana qədər dözəcək? İkinci sual: Rusiya iqtisadiyyatı hazırki iqtisadi şəraitə və sanksiyalara nə zamana qədər dözəcək? Üçüncü əsas sual: Hətta, hər iki tərəf (Qlobal iqtisadiyyat və Rusiya iqtisadiyyatı) bunlara dözə bilsə belə, ərzaq məsələlərini qlobal iqtisadiyyat necə həll edəcək? Ərzaqla bağlı dünya ölkələrinin demək olar ki, yarısında ciddi problemlərin olacağı ehtimalı yüksəkdir. Sadəcə olaraq, bu ölkələrin demək olar ki, hamısı kasıb və səsləri eşidilməyən ölkələrdir. Dördüncü məsələ isə əmək bazarıdır. Qurulmaqda olan yeni düzəndə, yenidən bölünməkdə olan enerji bazarında, 4-cü Sənaye İnqilabına sürətlənən keçid dövründə, alternativ enerjinin inkişafı, dünya ərzaq bazarındakı ciddi təlatümlər, gözlənilən resesiyalar dövründə ən böyük transformasiyaya məruz qalan məhz əmək bazarı olacaq. Digər çağırışlar, borc bazarı, lokal müharibələr, bəzi lokal münaqişələrin alovlanması isə bu 4 fundamental sualla müqayisədə fraqmental xarakterlidir.

— Bizim region qlobal dəyişikliklərdən nə dərəcədə təsirlənə bilər?

İlk təsirlənməyə başlayan da elə bizim regiondur. Əslində müasir dövr bir sıra ölkələr üçün ciddi imkanlar və şanslar yaradır. Bu ölkələrdən biri Azərbaycan, digəri elə Ermənistandır. Ermənistan özünün xəstə təfəkküründən uzaqlaşaraq reallığı dərk etməyə başlayıb. Bu sevindiricidir. Lakin, Ermənistana ciddi təsir imkanı olan qüvvələr Qafqazda sülhün və rifahın olmasını istəmirlər. Bu üzücüdür. Ermənistan da həmin qüvvələrə qarşı qəti hərəkət etməkdə çətinlik çəkir. Bu da anlaşılandır. Əgər vəziyyət belə davam edərsə, Ermənistan daha çox itki ilə üzləşmək riski qarşısında qala bilər. Bu halda sülh tərəfdarı olan qüvvələr həmin xəstə təxəyyüllü qüvvələr qarşısında üstünlük əldə edəcəklər. Əsas arqumentləri isə bu olacaq ki, 30 il öncə işğal etdiyimiz torpaqları itirdik. 100 il öncə işğal etdiklərimizi də itirsək Ermənistanda nə qalacaq? Qısası, axına qarşı getmək uzun müddət davam edə bilməz. Əgər bu axın ciddi, böyük layihələrdirsə və onların pozulması riski ortaya çıxırsa, bu axın ona qarşı gedənləri sadəcə olaraq udar.

— Elman müəllim, inflyasiya məsələsinə toxunduq. Son zamanlarda gündəmi zəbt edən mövzulardan biri də meyvələrin qiymətidir. Yadımdadır ki, bir neçə il öncə Siz kənd təsərrüfatı sahəsində iqtisadi idarəetmə konsepsiyası təklif etmişdiniz. Fikirləriniz dəyişməyib ki?

Əksinə, fikirlərimin doğruluğunu zaman özü təsdiqlədi. 2017-ci ildə kənd təsərrüfatı sahəsində iqtisadi idarəetmə konsepsiyasını irəli sürdüm. Bu konsepsiyadan bir neçə fraqmental məsələ, kənd təsərrüfatı məhsullarının (kartof) becərilməsi dövründə idxala kvota qoyulması və sair kimi bir neçə addım atıldı. Yəni, kənd təsərrüfatı sahəsində protesionizm. Amma iqtisadi idarəetmə  geniş konsepsiyadır. Bu konsepsiyanın əsas ana xətlərindən biri budur ki, məhsulu əkib-biçməklə iş bitmir. Satışı üçün infrastruktur olmalıdır. Bu infrastruktur isə tədarük zəncirinin qurulmasıdır. Tədarük zənciri məsələsi 2017-ci ildə qaranlıq və nisbətən anlaşılmaz kimi görünsə də, pandemiya bizə tədarük zəncirinin əhəmiyyətini əyani olaraq göstərdi. Hollandiya 2017-ci ildə 14.5 milyard dollarlıq kənd təsərrüfatı məhsulu istehsal edib, amma həmin il 104 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edib. Kənd təsərrüfatı sahəsində tədarük zəncirini dərin anlamaq üçün bu mexanizmi düzgün tədqiq etmək şərtdir. Bununla bağlı geniş fikirlərimi əks etdirən veriliş mövcuddur. Maraqlananlar YouTube kanalından tapıb baxa bilərlər. Qısası, Hollandiya bütün ixrac etdiyi məhsulu özü istehsal etmir. Əsas strategiyaları bunlardır: 1) özlərində istehsal etdikləri məhsullardan dəyər zənciri yaradaraq ən son məhsulu istehsal edə bilmək; 2) digər ölkələrdən xam məhsulu və ya yarımfabrikatları idxal edib istehsal etmək və sonra həmin hazır məhsulu ixrac etmək (məsələn, ət, süd idxal edib, ət və süd məhsulları istehsal edərək ixrac etmək); 3) Digər ölkələrdən gül, çiçək, meyvə (məsələn, Türkiyədən ən çox portağal idxal edən ölkə Hollandiyadır. Həmin portağalları ucuz lirə ilə alıb avro ilə digər ölkələrə ixrac edir) və digər hazır kənd təsərrüfatı məhsullarını idxal edərək özündə qurulmuş mükəmməl infrastruktur (hərrac sistemi, logistika, nəqliyyat, brendləşmə bu infrastukturun qurulmasında əsas rol oynayır) sayəsində bütün dünyaya ixrac edir. Məsələn, Hollandiyanın ixrac etdiyi bütün gül, çiçəkləri özü istehsal etmir. Digər ölkələrdən idxal edir. Mən belə bir sistemin bizdə qurula biləcəyini iddia etmirəm. Amma öz məhsulumuzu daxili və xarici bazarlarda dayanıqlı və davamlı şəkildə satmağa imkan verən sistemi qura bilərik. Sistem dayanıqlı olduqda fermer hər il daha yüksək keyfiyyətdə daha çox məhsul istehsal etməkdə maraqlı olur. Əks halda, məsələn bu il ucuz satdığı və ya sata bilmədiyi meyvəni yetişdirməyə, ona qulluq etməyə həvəsi azalır. Nəticədə bazarda məhsul təklifi azalır, qiymət artır. Digər səbəb supermarketlər şəbəkəsidir.

Supermarketlərin bazarları əvəz edə bilməsi mümkün deyil

Supermarketlərin bazarları əvəz edə biləcəyi iddiaları var idi. O vaxt da fikrimi bildirmişdim. Mümkün deyil. Zaman göstərdi ki, supermarketlər meyvə qiymətlərinin enməsində ciddi rol oynaya bilməz. Çünki, kənd təsərrüfatı məhsulu itkili biznesdir, spesifikdir. Digər məsələ, bazar kültürüdür. Təəssüf ki, biz bazar mədəniyyətini itirmişik. Bazarlarımız çirkab içindədir, natəmizlikdir, təşkilatçılıq zəifdir. Bazarlar öz imicini itirib. Bu səbəbdən çox adam bazarlara getmək istəmir. Kənd təsərrüfatı məhsullarının satışında tədarük zəncirini qıran, məhv edən İtaliya da bu yoldan geri döndü. Qardaş Türkiyə də ciddi çağırışlarla üzləşdi. Yəni, fermerin öz məhsulunu satma düşüncəsi onu qorxudur. O satışda peşəkar olmadığı üçün daha çox itki ilə üzləşir. Əsas məsələ, tədarük zəncirini qurub dövriyyəni artırmaqdır. Dövriyyə artdıqca məhsulun maya dəyəri də düşür, marja da. Nəticədə, kənddə satılan meyvə ilə şəhərdə satılan meyvənin qiymətlərində 3-5 dəfə deyil, maksimum 2 dəfə fərq olur. Yeri gəlmişkən, Özbəkistanla da bu istiqamətlərdə ciddi bir işbirliyi və sinerji qurmaq olar. Geniş və dərin mövzu olduğu üçün nə qədər qısa ifadə etməyə çalışsaq da uzun alındı.

— Siz bir ifadə işlətmişdiniz. Hər bir sahədə iqtisadiyyatı dərk etmək həmin sahənin daha effektiv inkişafına səbəb olur. Yəni?

Yəni, istisnasız olaraq bütün sahələr iqtisadiyyatla bağlıdır. Heç bir sahə iqtisadiyyatın tələbi və vəziyyəti nəzərə alınmadan inkişaf edə bilməz. Hər bir sahə iqtisadiyyatla sıx bağlıdır və hər bir sahənin inkişafı iqtisadi inkişafla bağlıdır. Yəni, hər hansı bir sahənin inkişafı iqtisadiyyatın inkişafına töfhədir və həm də iqtisadiyyatın inkişafından asılıdır. Yəni, iqtisadiyyat inkişaf etməsə həmin sahə dayanıqlı inkişaf edə bilməz. Məsələn, təhsil sahəsi. Mənə iqtisadiyyatı yüksək inkişaf edib zəif təhsil sistemi olan və ya əksinə, güclü təhsil sistemi olub iqtisadiyyatı zəif inkişaf edən bircə ölkə göstərin. Belə bir ölkə yoxdur. İqtisadi inkişafla təhsilin inkişafı düz mütənasibdir. Çünki, bütün digər sahələr kimi, təhsil sahəsi də iqtisadiyyatla bir-birlərini qarşılıqlı tamamlayan sahədir. Bütün digər sahələr haqqında da eyni fikri bildirmək olar. Mənim tezisim də budur ki, heç bir sahə ayrıca dayanıqlı inkişaf edə bilmədiyi üçün biz güclü inkişaf üçün sahələrarası sinerjini qurmalıyıq. Bunu edə bilsək, daha sürətli inkişaf qaçılmazıdır. Formalaşmaqda olan yeni şərait və zaman da bizdən bunu tələb edir.

— Elman müəllim, müsahibəyə razılıq verdiyiniz və maraqlı fikirləriniz üçün təşəkkür edirik.

Maraqlı və aktual suallar üçün mən təşəkkür edirəm. Oxucularımıza gözəl yay istirahəti arzu edirəm.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər