10 C
Baku
Wednesday, December 11, 2024

Suriyanın görünən və görünməyən üzü

Suriyada baş verənlərin əsas bir neçə səbəbi var və bu səbəblərin demək olar ki, hamısı iqtisadi səbəblərdir. Həmin səbəblərə qısa bir şəkildə diqqət yetirək.

2001-ci ildə ilk dəfə Qətər qazının Suriya və Türkiyə üzərindən Avropaya çatdırılması məsələsi gündəmə gəlmişdi və əslində bu məsələ razılaşdırılmışdı. Bəşər Əsəd əvvəlcə bu layihəyə müsbət fikir bildirsə də, 2006-cı ildə bu xəttin Suriyadan keçməsinin əleyhinə olduğunu bildirdi. Layihə kağız üzərində qaldı. Layihəyə 2 dövlət qarşı çıxırdı. Rusiya və İran. Rusiya düşünürdü ki, Qətər qazı Avropaya çıxsa Qazprom öz dominant mövqeyini itirəcək. O zaman Avropanın idxal etdiyi qazın 40%-i Qazpromun payına düşürdü. İran isə Fars Körfəzində (ərəblər də Ərəb Körfəzi adlandırır) bəzi qaz yataqları ilə bağlı Qətərlə arasında mübahisə olduğunu bildirir və əslində həm də öz qazını Suriya üzərindən Avropaya çıxarmaq istəməsi səbəbindən Əsədə ciddi təzyiq göstərirdi. Rusiyanın hərbi bazasının və İranı dəstəkləyən qüvvələrin Suriyada güclü mövqedə olmaları səbəbindən Əsəd Suriyanın mənafeyinə uyğun olan və ona milyardlar qazandıracaq bu layihəyə yox deməyə məcbur oldu.

Digər layihə isə Ərəb Qaz Xəttidir. Misir qazını əsas xətt ilə İordaniya, Livan və Suriyaya, ayrılmış bir qol ilə isə İsrailə çatdıran və hazırda işləyən bu xəttin növbəti mərhələdə uzadılaraq Türkiyəyə çatdırılması nəzərdə tutulurdu. Sonra isə bu qazın Avropaya çatdırılması da nəzərdə tutulmuşdu. Hətta Türkiyənin ildə 4 milyard kub metr qaz alışını da öhdəliyinə götürən razılıq əldə olunmuşdu. Yenə də yuxarıda qeyd olunan səbəblərdən yuxarıda qeyd olunan hər iki dövlətin (Rusiya və İran) təzyiqi ilə Əsəd 2009-cu ildə bu razılaşmanın da ləğv olunduğunu bəyan etdi. Bu isə həm Avropanın, həm Türkiyənin, həm ABŞ-ın, həm İsrailin səbrini daşdırırdı.

Haşiyə: Qlobal layihələrdə yanaşma tərzi fərqlidir. Dünyanın bir nöqtəsindən başqa bir nöqtəsinə hər hansı bir resursu daşımaq, nəql etmək planı və ehtiyacı varsa və bunun üçün bir boru xətti, marşrut, dəhliz, dəmiryol xətti çəkilməlidirsə, burada həmin xətlərin keçəcəyi hər hansı dövlətin və ya kənardan 3-cü dövlətlərin bu qlobal planı pozması bağışlanılmır, indiyə qədər də bağışlanmayıb. Çünki hər hansı bir dövlətin dünyanın iqtisadi xəritəsində nəzərdə tutulan bir layihəni pozmasına göz yumularsa, dünya dövlətlərininin kaprizləri artar, beynəlxalq layihələr dövlətlər və rəhbərlərinin əhvali-ruhiyyəsindən asılı olar, şantaj vasitəsinə çevrilər ki, bu da iqtisadi balansları pozar. Dünyanın iki müxtəlif nöqtəsini birləşdirən qlobal layihə 10 dövlətdən də keçəcəksə, keçəcək. Bir-iki dövlətə görə indiyə qədər həyata keçirilməsinə qərar verilmiş heç bir böyük layihə (bir neçə kiçik layihə istisnadır) icrasız qalmayıb.

Syria | Map, Civil War, Rebels, Religion, & History | Britannica

2010-cu ildə Ərəb baharı başladı. Suriya bu prosesdən Rusiya və İranın köməyi ilə sıyrılıb çıxa bildi. Amma ciddi yara aldı. 13 il ərzində əslində Əsədə çox xəbərdarlıqlar edilsə də, Krımın ilhaqından sonra Rusiyanın Qərblə pozulan münasibətləri, İranın təzyiqləri Əsədə həmin xəbərdarlıqlara qulaq asmağa imkan vermədi. Bu gün baş verən proseslər niyə 13 il ləngidi? Rusiya və İranın zəifləməsi səbəblərdən biridir, amma əsas səbəb deyil. Əsas səbəb o idi ki, Əsədin devrilməsi və Suriyanın parçalanması riski əslində Türkiyə də daxil olmaqla Qərb üçün də sərfəli variant deyildi. Əsəd bu amili nəzərə alaraq kürd kartından da təzyiq kimi istifadə etməyə başladıqda, həmin kartı ABŞ öz xeyrinə çevirməyə başladı. Hadisələr ciddi risklər formalaşdırırdı. Həm Türkiyə üçün, həm də Suriyanın kontrolsuz bir şəkildə parçalanmasını istəməyən ABŞ və Qərb üçün. Bu məsələdə mənafelər bir nöqtədə kəsişirdi. Əsəd, Rusiya və İran bu amili nəzərdən qaçırdılar. Nəzərdən qaçan əsas məsələlərdən biri də bu idi ki, Qazprom artıq öz payını Avropada kifayət qədər itirib. İkincisi, bu kəmərlərə alternativ olaraq çəkilən və Avropanı ehtiyacı olacaq qədər qazla təmin edəcəyinə təminat verilmiş (Rusiyanın) Nord Stream 2 (Şimal Axını 2) qaz xətti 2022-ci ilin 26 sentyabrında partlamışdı.

Əsəd 2 dövləti, erməniləri (erməni amilinin Fələstin, Livan, İran və Suriyada birləşdirici rolu, Fransanın həm erməni lobbisi, həm də sadalanan bu dövlətlər vasitəsilə Afrikada itirdiyi nüfuz dairəsini Yaxın Şərqdə saxlamaq istəyi, oynadığı oyunlar ayrıca mövzudur. Bir neçə ay öncə İsrailin Makrona xəbərdarlığı təsadüfi deyildi) və kürd kartını özünə dəstək hesab edərək ABŞ, Avropa, Türkiyə, İsrail, Misir və digər dövlətləri qarşısına aldı. Nəticə məntiqli idi.

Ermənilər Əsədi canfəşanlıqla müdafiə edirdilər. Bütün dünya mətbuatında Suriyada baş verənlərin “qaz xətti müharibələri” olmadığına inandırmaq, burada iqtisadi məsələnin olmadığı, ABŞ-ın sadəcə Suriyanı bölmək istəməsi ilə bağlı təbliğat xarakterli yazılar kütləvi şəkildə məhz erməni lobbisinə yaxın mətbuat orqanlarında çap olunurdu. Amma bir əsas məntiq nəzərdən qaçırdı. Heç bir siyasi addım iqtisadi mənafe olmadan həyata keçməz. Buna lüzumsuz xərc kimi baxılır.1520096087083

Suriya və Livanın keçən əsrin əvvəllərində yaranmasında Britaniya və Fransa arasındakı fikir ayrılıqları, əslində bu dövlətlərin yaranma hədəfləri kifayət qədər maraqlı mövzulardır. Amma biz fikirlərimizi bu günə fokuslamaqda davam edək.

Baş verən proseslərdən çıxarılacaq nəticələr çoxdur. Əsəd balanslı siyasət yürüdə bilmədi, siyasətini 2 dövlətin yanında olmaqla qurdu və qlobal layihələrə qarşı çıxdı. Həm də bunu öncə razılıq verdiyi layihələrə sonra yox deməklə etdi. Qlobal layihələrlə bağlı öhdəlik götürmək məsuliyyəti, öz dövlətinin mənafeyini önə çıxarmaq cəsarətini özündə tapa bilmədi. O bilirdi ki, böyük qlobal layihələri pozmağın, dövlətin başçısı kimi bu layihələrdə öz öhdəliklərini yerinə yetirməməyin ağır bədəlini ödəyəcək. Son aylarda razılaşmaq istəkləri ilə bağlı fikirlərini bildirir, Türkiyə, İsrail, Qərbə barışıq mesajları göndərmək istəyirdi. Gec idi…

Haşiyə: Bütün bu prosesləri izlədikdə Suriya kimi böyük dövlətin balanslı siyasət qurmaqda çətinlik çəkməsi, balansları ölçə bilməməsi, öz öhdəliklərini yerinə yetirməməsi, bir-iki dövlətin təzyiqi altında bu qədər ciddi səhvlərə yol verməsinin nə qədər təhlükəli olduğunu görürük. Bir az daha dərindən fikirləşdikdə dünya xəritəsində kiçik ərazisinə görə zorla görünən Azərbaycanın bir neçə böyük qlobal layihəni həyata keçirməsi, öhdəliklərini yerinə yetirməsi, həm təzyiqləri dəf etməsi, həm də balanslı siyasətlə dövləti və xalqı təlatümlərdən kənarda saxlamasının nə qədər çətin və mürəkkəb olduğu, hansı çətin proseslərdən keçdiyi bir daha aydın olur. İçərisində olduğumuz qlobal layihələrlə bağlı ölkəmizə də az təzyiqlər olmadı, amma çəkinmədik, səhv istiqamətdə getmədik və təzyiqlərə dözdük…

 

Son xəbərlər
Digər xəbərlər