Svetlana Tixanovskaya Avropa ölkələrinin liderlərini Belarusda keçirilmiş prezident seçkilərinin nəticəsini tanımamağa çağırıb.
Prezident seçkilərində hazırkı prezident Aleksandr Lukaşenkonun əsas rəqibi olan S. Tixanovskaya bu barədə özünün videomüraciətində bildirib.
“Mənim xalqım liderini seçmək üçün öz konstitusional hüququ uğrunda mübarizə aparır. Avqustun 9-da keçirilən seçki şəffaf və ədalətli olmayıb. Nəticələr saxtalaşdırılıb”, – deyə S. Tixanovskaya qeyd edib.
S. Tixanaovskaya vurğulayıb ki, Belarusun müxtəlif şəhərlərində öz səsini müdafiə edən xalqın nümayəndələri qəddarcasına döyülüb, həbs olunub, işgəncələrə məruz qalıb: “Yüzlərlə insan yaralanıb, ən azı iki nəfər həlak olub. Bütün bunlar Avropanın mərkəzində baş verir. Mən sizi bu saxta seçkiləri tanımamağa çağırıram. Lukaşenko xalqımız, həm də dünya qarşısında öz legitimliyini itirib. Ölkəmizdə hakimiyyətin sülh yolu ilə keçidini təmin etmək üçün mən Belarusun Milli Koordinasiya Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdim. Bu Şura dialoq və sülh yolu ilə hakimiyyət keçidini təmin edəcək. Daha sonra dərhal beynəlxalq nəzarət altında ədalətli və demokratik şəkildə yeni prezident seçkiləri keçiriləcək. Avropanın liderləri, mən sizi Belarusu dəstəkləməyə çağırıram. Bütün ölkələri beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə çağırıram. Mən hamınını Belarusun suverenliyinə və Belarus xalqının seçiminə hörmət etməyə çağırıram”.