2 C
Baku
Saturday, December 14, 2024

Təhsil Nazirliyi işçilərinin vəzifə maaşlarından əlavə ödənişlər ediləcək – RƏSMİ

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.

Bu Qayda Təhsil Nazirliyinin xəzinə hesabına köçürülən xidmət haqlarından Təhsil Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə istifadə qaydasını müəyyən edir.

Büdcədənkənar vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Təhsil Nazirliyi üçün büdcədənkənar xəzinə hesabı açılır. Büdcədənkənar vəsaitin Nazirliyin qurumları arasında bölgüsü Nazirliyin müvafiq əmri ilə rəsmiləşdirilir. Büdcədənkənar vəsaitin istifadəsi xərclər smetasına uyğun olaraq həyata keçirilir. Xərclər smetası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq təsdiq edilir.

Büdcədənkənar vəsait işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə xərclənir:

– işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;

– işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi;

– işçilərə maddi yardımın göstərilməsi.

İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

– işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

– mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

– qanunla müəyyən edilmiş bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.

İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

– vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi;

– rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

– normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə.

İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər. Verilən mükafatların məbləği aylıq vəzifə maaşının 2 mislindən çox olmamaq şərtilə müəyyən edilir. İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına da xərclənə bilər. İşçilərin fərdi mükafatlandırılması əmrlə rəsmiləşdirilir. İşçilərə aylıq vəzifə maaşlarının 2 mislindən çox olmamaqla vəzifə maaşlarına əlavələr verilir. Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.

Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:

– işçinin əmək məzuniyyətində olduğu günlər, əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;

– işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.

İşçilərə maddi yardımın verilməsi əmrlə rəsmiləşdirilir.

Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Son xəbərlər
Digər xəbərlər