5 C
Baku
Saturday, December 14, 2024

Təhsillə bağlı iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib, təhsillə bağlı iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

İclası açan komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə iki məsələ – “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) və “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) daxil edilib.

Gündəliyin təsdiqindən sonra Bəxtiyar Əliyev qanun layihələri barədə ətraflı məlumat verib. Əvvəlcə “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə danışan komitə sədri qanunun 29-cu və 32-ci maddələrinə dəyişiklik təklif olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi orta ixtisas və ali təhsil (doktorantura istisna olmaqla) pillələrində təhsilalanların bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması və akademik məzuniyyət götürməsinin hüquqi əsaslarının formalaşdırılması zərurətindən irəli gəlir.

Komitə sədri dövlət başçısının fərmanına uyğun olaraq, Elm və Təhsil Nazirliyinin Əsasnaməsinin hazırlandığını diqqətə çatdırıb və burada yeni qaydaların müəyyənləşəcəyini bildirib. Subbakalavrların ali məktəblərə seçimindən danışan komitə sədri aşağı balla qəbul olunan tələbələrin köçürülməsi məsələsinə də toxunub.

Qanun layihəsinin müzakirəsində Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Eldar Quliyev və Etibar Əliyev çıxış edərək dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini diqqətə çatdırıblar.

Sonra gündəliyin ikinci məsələsi – “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən Bəxtiyar Əliyev qeyd edib ki, sənəd “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılma məqsədi ilə hazırlanıb. Dəyişikliyə əsasən, internat tipli ümumtəhsil müəssisələri anlayışı onların növlərinə görə təsnifləşdirilərək yeni redaksiyada verilib. Layihədə internat tipli təhsil müəssisələrinin fəaliyyət prinsiplərinə görə bölündüyü, onların özlərinin də ümumi təyinatlı, inteqrasiya təlimli və xüsusi təhsil müəssisələri kimi qruplaşdırıldığı öz əksini tapıb.

İclasda Elm və təhsil komitəsinin üzvləri İsa Həbibbəyli, Ceyhun Məmmədov, Kamilə Əliyeva, Aqiyə Naxçıvanlı, Tamam Cəfərova, Ülviyyə Ağayeva, Rafael Hüseynov, Müşfiq Məmmədli, Afət Həsənova və Pərvin Kərimzadə iştirak ediblər.

Müzakirələrin sonunda deputatlar gündəlikdəki hər iki qanun layihəsini ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

Son xəbərlər
Digər xəbərlər