Avtomobil şinlərinin istehsalı üzrə ixtisaslaşan Almaniyanın “Continental” şirkəti Rusiya bazarından çıxdığını elan edib. Müvafiq bəyanatla “Continental”ın baş direktoru Nikolay Setzer çıxış edib.
Bu qərara səbəb kimi o, şirkətin Ukrayna müharibəsi ilə əlaqədar üzləşdiyi problemləri adlandırıb, Banker.az bu barədə Banki.ru-ya istinadən xəbər verir.
“Continental” hələ 2022-ci ilin martında Rusiyada istehsalı və fəaliyyətini dayandırdığını elan edib. “Ukraynaya qarşı müharibə və onunla bağlı mövcud qarışıqlıq fonunda hasilatı müvəqqəti dayandırmaq qərarına gəldik”, – deyə şirkət qərarını əsaslandırıb. İdxal və ixrac tədarükü də dayandırılıb.
Bununla belə, artıq aprel ayında şirkət Rusiyanın Kaluqadakı zavodunda minik avtomobilləri təkərlərinin istehsalını bərpa etdiyini açıqlayıb. “Rusiyadakı işçilərimiz və menecerlərimiz yerli tələblərə xidmət etməkdən çəkinsək, ciddi cinayət nəticələri ilə üzləşəcəklər. Rusiyadakı əməkdaşlarımızı təqibdən qorumaq üçün Kaluqadakı təkər zavodumuzda yerli bazar üçün minik avtomobilləri təkərlərinin istehsalını müvəqqəti olaraq bərpa etdik”, – şirkət vurğulayıb.