9 C
Baku
Friday, December 13, 2024

TƏKLİF: Başqa bankomatdan istifadəyə görə xidmət haqqı ləğv edilsin

Son dövrdə nağdsız hesablaşmaların artırılması ilə bağlı ciddi işlər görülməyə başlanıb.

Ötən ilin sonunda Azərbaycanda “Nağdsız hesablaşmalar haqqında” qanun qüvvəyə minib.

Qanuna əsasən, müxtəlif sahələr üzrə hesablaşmalarda nağdsız ödənişə keçirildi. O cümlədən nağdlaşdırılmaya görə əlavə vergi tətbiqinə başlanıldı.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, 13 sahədə ödənişlər elektron qaydada həyata keçirilməsi tələbi irəli sürüldü. Bəs atılan bu addımlar Azərbaycanda nağdsız hesablaşmaların artırılmasına təsir edəcəkmi?

Korrupsiyanın və vergidən yayınmaların qarşısını alacaq, biznesi leqallaşdıracaq.

İqtisadi ekspert Rəşad Həsənov bildirib ki, ümumilikdə, nağdsız hesablaşmalara keçidin bir sıra üstünlükləri var:

“İlk növbədə, bu korrupsiya hallarının qarşısının alınmasında müsbət rol oynayacaq. Bundan əlavə, biznesin leqallaşdırılması, vergidən yayınma hallarının qarşısının alınması, ümumilikdə isə iqtisadiyyatın uçotunun aparılması üçün vacib addımdır”.

Ekspert bildirib ki, beynəlxalq müsabiqə və idman oyunlarının keçirilməsi ərəfəsində Azərbaycanda nağdsız hesablaşmalara keçirilməsi istiqamətində xeyli işlər görüldü:

“Müxtəlif ərazi, sahibkarlıq subyektləri, iaşə mərkəzlərində elektron ödəmə terminalları quraşdırıldı. Buna baxmayaraq, 90% hallarda bu ödəmə terminalları ya sıradan çıxarıldı, ya da sahibkarlar müxtəlif bəhanələrlə bu vasitələrin istifadəsindən yayınmağa çalışdılar”.

Onun sözlərinə görə, sahibkarlara nağdsız hesablaşmalar üçün vergi güzəştləri tətbiq edilməlidir:

“Ona görə də nağdsız hesablaşmaların ölkədə inkişaf etdirilməsi və hədəf kütləsi olan sahibkarların bu işə qoşulması üçün stimullaşdırma tədbirləri həyata keçirilməlidir. Məsələn, ilk növbədə, biznesin leqallaşdırılması üçün 3-5 il müddətində sahibkarın nağdsız aparılan dövriyyəsinin 70-80%-i vergidən azad olunsun və yaxud hansısa təşviqedici mexanizmlər işlənilib hazırlansın.

Yəni, sahibkar görsün ki, nağdsız hesablaşmalar aparmaq daha sərfəlidir və bütün dövriyyəsini bu sistemə köçürsün”.

Ekspert hesab edir ki, ilkin mərhələdə bu vergi daxilolmalarına müəyyən qədər təsir edə bilər:

“Amma biznesin nağdsız hesablaşmalara keçməsi ilə leqallaşdırılması, nağdsız ödəniş mədəniyyətinin formalaşdırılması orta və uzunmüddətli dönəmdə vergi daxilolmalarının daha effektiv yığılmasına və artmasına gətirib çıxaracaq”.

Ekspert qeyd edib ki, əhali bank kartından yalnız pulu bankomatdan çıxarmaq üçün istifadə edir. R.Həsənov bununla yanaşı, digər hədəf kütləsi olan əhali arasında nağdsız hesablaşmalarla bağlı maarifləndirmə tədbirlərinə ehtiyac olduğunu deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 6 milyondan çox bank kartı istifadə edilir və bunun böyük hissəsi isə vəsaitlərin nağdlaşdırılmasına yönəlib:

“Əhalinin bir hissəsi maaş və ya təqaüd kartından başqa xidmətlərdə ödəniş vasitəsi kimi yararlana biləcəklərindən xəbərsizdirlər və kartı yalnız pulu bankomatdan çıxarmaq üçün istifadə edirlər.

Bundan əlavə, əhalinin bir hissəsi düşünür ki, hansısa malı və ya məhsulu nağd daha ucuz ala bilər. Bəzi insanlar isə nağdsız hesablaşmaları təhlükəli hesab edirlər. Hesablarından hakerlər tərəfindən və ya müxtəlif üsullarla pulun oğurlanmasından ehtiyat edirlər. Bu qrup arasında, xüsusilə də bank kartlarından istifadə edə bilməyən yaşlı nəsil yer alıb”.

Öz növbəsində, kapital bazarları üzrə ekspert Cəfər İbrahimli deyir ki, banklar başqa bankomatdan istifadə üçün xidmət haqqını ləğv etməlidirlər:

“Nağdsız hesablaşmaların artırılması üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var. Stimullaşdırıcı tədbirlər iki istiqamətdə aparıla bilər. Birincisi, bu işdə banklar aktiv olmalıdırlar. Məsələn, banklar müştərilərin kart hesabında saxlanılan vəsaitlərə faiz hesablanması ilə bərabər, başqa bankların bankomatından istifadə zamanı xidmət haqlarını ləğv edə bilərlər. Bu addım nağdsız hesablaşmaların inkişafına xeyli müsbət təsir göstərə bilər”.

Onun sözlərinə görə, əhaliyə nağdsız hesablaşmalar üçün stimullaşdırıcı güzəştlər olmalıdır:

“Digər tərəfdən isə dövlət siyasəti çərçivəsində əmək haqlarının ödənişi zamanı Dövlət Sosial Müdafiə Fonduna ödəniş güzəşti və əlavə dəyər vergili (ƏDV) malların alqı-satqısı zamanı müəyyən vergi güzəşti tətbiq oluna bilər”.

Ekspert Ramin Rəhimov da açıqlamasında nağdsız hesablaşmalarla bağlı stimullaşdırıcı tədbirlərə ehtiyac olduğunu deyib:

“Bu, Vergilər Nazirliyinin həmin ödəyicilərlə münasibətlərindən irəli gələcək. Ola bilər ki, gələcəkdə tam çaşqınlıq yaranmaması üçün kütlənin narazılığı olmaması üçün yaxşı vergi ödәyiciləri arasında elektron dövriyyədən tutulan verginin müəyyən bir qismi bonus şəklində müştərilərə qaytarılsın.

Yəni, belə bir mexanizm həyata keçirilə bilər. Amma hazırkı büdcə çatızmazlığı fonunda belə şərtlərin, belə stimullaşdırıcı tədbirlərin görülməsini proqnozlaşdırmaq çətin məsələdir. Nağdsız hesablaşmalarla bağlı son dövrdə həyata keçirilən tədbirlərin əsas məqsədi vergi daxilolmaları hesabına büdcə kəsirini aradan qaldırmaqdır”.

Rəşad Həsənov isə qeyd edib ki, nağd hesablaşmalardan vergi tutulması ölkədə biznesin məhvinə səbəb ola bilər.

Onun sözlərinə görə, həyata keçirilməli olan stimullaşdırıcı tədbirlərin əvəzinə, nağd hesablaşmalara vergilərin tətbiqi biznesin xərclərini artıra bilər:

“Marjanın xeyli aşağı düşdüyü hazırkı iqtisadi durğunluq dövründə çətinliklə ayaqda duran biznes üçün əlavə vergi yükü biznesə mənfi təsir edə bilər. Nəticədə ölkədə biznes aktivliyi, biznes təşəbbüskarlığının aşağı düşmə ehtimalı güclənər”.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər