Quacquarelli Symonds (QS) agentliyi tələbələr üçün ən yaxşı şəhərlərin növbəti QS Best Student Cities reytinqini dərc edib. 2018-ci ildən bəri ilk dəfə olaraq London liderliyini itirərək 3-cü yerə enib. Bu il reytinqə Cənubi Koreyanın paytaxtı Seul başçılıq edir.
Reytinqə daxil edilən şəhərlər üç meyara cavab verməlidir: əhalisi ən azı 250 min nəfər olmalı, QS World University Rankings siyahısına daxil olan ən azı iki universitetə malik olmalı və International SOS təhlükəsizlik indeksinə görə risk səviyyəsi aşağı və ya orta hesab edilməlidir.
Şəhərlərin reytinqdəki mövqeyi altı əsas meyar əsasında müəyyən edilir:
Universitetlərin səviyyəsi – şəhərdə yerləşən universitetlərin QS dünya reytinqində tutduğu yerlər və onların sayı qiymətləndirilir.
Tələbə mühiti – xarici tələbələrin sayı, onların ümumi tələbələr arasındakı payı, tələbələrin şəhər əhalisindəki nisbəti, həmçinin tolerantlıq və inklüzivlik səviyyəsi nəzərə alınır.
Şəhərin cəlbediciliyi – iqlim, korrupsiya səviyyəsi, qlobal iqtisadi əlaqələrə inteqrasiya, səhiyyə sistemi, ekologiya, təhlükəsizlik, nəqliyyat infrastrukturu və tələbələrin şəhərlə bağlı rəyləri qiymətləndirilir.
İşəgötürənlərin fəallığı – məzunlara tələbat, yerli və beynəlxalq şirkətlərin rəyləri, eləcə də regionda gənclərin məşğulluq səviyyəsi nəzərə alınır.
Əlçatanlıq – şəhərdə yaşamaq və təhsil almağın dəyəri The Economist jurnalının Big Mac indeksi, Numbeo yaşayış xərcləri indeksi və təhsil haqları əsasında hesablanır.
Tələbələrin rəyi – QS-in hər il keçirdiyi sorğuların nəticələrinə əsasən, məzun olduqdan sonra şəhərdə qalmaq istəyənlərin payı və şəhərin tolerantlıq, müxtəliflik, gecə həyatı, qiymətlərin əlçatanlığı və dayanıqlı inkişaf kimi doqquz göstərici üzrə qiymətləndirilməsi nəzərə alınır.
Ümumilikdə, ilk onluğa aşağıdakı şəhərlər daxil olub:
- Seul
- Tokio
- London
- Münhen
- Melburn
- Sidney
- Berlin
- Paris
- Sürix
- Vyana
Tam siyahı ilə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz.







