25 C
Baku
Monday, April 29, 2024

Təyyarə ilə səfər etmək niyə müşkülə çevrilib?

Təxminən, 3 il bundan əvvələ qədər qlobal mülki aviasiya bazarında kəskin rəqabət hökm sürürdü.

Son nəticədə təyyarə ilə səfər etmək istəyən həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşları üçün geniş seçim imkanları mövcud idi və aviabiletləri bəzən simvolik qiymətlə də əldə etmək mümkün olurdu.

2020-ci ildə koronavirus (COVID-19) pandemiyasından sonra vəziyyət xeyli dəyişdi. Əksər aviaşirkətlər fəaliyyətini dayandırmalı oldular, uçuşlara davam edənlər biletləri əvvəlki vaxtlarla müqayisədə xeyli baha satmağa başladılar. Pandemiyanın zəifləməsi ilə aviasiya bazarında vəziyyəti nisbətən yaxşılaşsa da, bu ildən Rusiya-Ukrayna müharibəsinin başlaması təyyarəyə minmək istəyənlərin işini yenidən çətinləşdirdi.

Azərbaycanın turizm şirkətlərindən birinin rəhbəri, turizm sahəsi üzrə ekspert Rəhman Quliyev deyir ki, bu vəziyyətdən xüsusilə istirahətə getmək istəyənlər, eləcə də Rusiyadan Azərbaycana qayıtmaq istəyən soydaşlarımız əziyyət çəkir: “Hazırda yay tətilidir, eyni zamanda Qurban bayramı ərəfəsindəyik. Bu dövrdə insanlar səyahətə üz tutur, həm aviabileti, həm də hoteli öncədən sifariş edirlər. Yəni, yayda ölkələrarası turist mübadiləsi nisbətən artır. Eyni zamanda Rusiyanın iri şəhərlərində yaşayan soydaşlarımız vətənə qayıdır. Bu gün Rusiyadan Azərbaycana olan reyslərə müharibəyə və pandemiyaya görə qoyulan məhdudiyyətlər hələ də davam edir. Reyslərin azlığı biletlərin bahalaşmasına gətirib çıxarır. Əvvəllər Rusiya, Ukrayna hava uçuşları sahəsində bir hab rolunu oynayırdı. Bu gün bu ölkələrin aviaşirkətləri funksiyalarını itirib. Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, Asiyadan Avropaya uçmaq istəyənlər məcburi olaraq ölkəmizin hava yollarından istifadə edirlər. Rusiya və Ukraynaya məxsus aviaşirkətlər öz funksiyasını itirdiyinə görə bizim aviaşirkətlərin xətləri yüklənib. Nəticədə biletlərin bahalaşması qaçılmaz olub.

Azərbaycandan xaricə oxumaq üçün gedən çoxlu sayda tələbə və işləmək üçün gedən insanlar var. Yay olduğu üçün onlar da vətənimizə geri qayıdır. Bu da aviaşirkətlərin işini artırır. Azərbaycanın quru sərhədlərinin də bağlı olması təyyarələrin yüklənməsinə gətirir. Azərbaycanda iri tutumlu təyyarə yoxdur. Bizdə 80 nəfərdən 180-200 nəfərə qədər sərnişin tutan təyyarələr var. Bu da belə pik vaxtlarda hava yolu ilə daşımaçılıqda bir qədər çətinlik yaradır. Amma nəzərə alaq ki, bu proses yalnız növbəti iki ayda davam edəcək. Sentyabr, oktyabr aylarında uçuşlara tələbat azalacaq. Bu gün tələbat çox olduğuna görə avia şirkətlər sərnişin daşımanı çatdırmır”.

Ekspertin sözlərinə görə, aviaşirkətlərin xərclərinin artması da biletlərin bahalaşmasına səbəb olur: “Artıq aşağı kateqoriyalı uçuşlar üzrə biletlər satılıb. Qalanlar yuxarı kateqoriyalara aid biletlərdir. Biletlərin qiymətinin artırılması aviaşirkətlərin siyasətidir və buna heç kim irad tuta bilməz. Çünki o şirkətlərin də təyyarəni idarə edən ekipaj xərci, yanacaq xərci və digər böyük xərcləri var. O xərclərin məbləği də biletin qiymətinin üzərinə gəlir. Rusiya ilə Ukrayna arasında müharibə getdiyinə görə Avropaya uçan təyyarələrimiz trayektoriyanı dəyişir və nəticədə iki saatlıq yolu bəzən 3-4 saata getməli olurlar. Bu, təkcə bizim avia şirkətlərə aid deyil. Orta Asiyadan Avropaya uçan təyyarələr də eyni cür edir. Bu, o deməkdir ki, məsafə uzanır və xərclər artır. Xərclər artdıqca da, biletlər bahalaşır”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər