“Tacikistan və Azərbaycan arasında münasibətlər dərin inama və etibara əsaslanır”.
Bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev BTMT-də keçirilən müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 29 mayında qurulub.
Səfir deyib ki, münasibətlər dərin inama etibara əsaslanır: “İki ölkə arasında qardaş münasibətləri var. İndi də bu münasibətlər genişlənir və hər iki ölkə rəhbərliyi buna töhfə verir”.
Rustam Soliyev vurğulayıb ki, bu münasibətlərin qədim tarixi kökləri var.
Səfir bildirib ki, 2007-ci ildə Düşənbədə Azərbaycan səfirliyi, 2008-ci ildə Bakıda Tacikistan səfirliyi fəaliyyətə başlayıb, bu illər ərzində qarşılıqlı yüksək səviyyədə səfərlər, görüşlər olub.
Diplomat deyib ki, iki ölkə arasında 62 sənəd imzalanıb: “Ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Amma bu rəqəmlər bizi qane etmir, potensial böyükdür, biz bu potensialdan istifadə etməliyik. Hökumətlərarası münasibətlər inkişaf edir, həm Tacikistan həm Azərbaycan dövlət qurumları arasında münasibətlər genişlənir, biz daha 2 strukturla qarşılıqlı münasibətlərin qurulmasını planlaşdırırıq”.
Diplomat iki ölkə arasında mədəniyyət sahəsində münasibətləri vurğulayıb: “Bizim ölkələrimizin liderləri arasında səmimi, etibarlı münasibətlər var. ADA Universitetində tacik tələbələr, həmçinin Ali Hərbi Məktəbdə 18 kursantımız təhsil alır. Təhlükəsizlik sahəsində, terrorla mübarizədə yazın əməkdaşlığımız var”.
Tacikistanlı diplomat deyib ki, COVID-19 pandemiyası Azərbaycan və Tacikistan münasibətlərinə təsir etməyib: “Biz yeni əməkdaşlıq proqramları üzərində işləyirik, gələcəkdə iki ölkə arasında birbaşa uçuşlar, başqa işlər olacaq. Qardaşlıq münasibətlərimizin gələcəkdə də dərinləşməyə davam edəcəyinə əminəm”.