2 C
Baku
Saturday, December 14, 2024

Sahil Babayev

Qisa informasiya

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

1980-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. İngilis, rus və türk dillərini əla, fransız dilini yaxşı səviyyədə bilir.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi, daha sonra rəisi vəzifələrində çalışıb. Həmin dövrdə Hasilatın Pay Bölgüsü, həmçinin “Şahdəniz” təbii qazının satışı üzrə sazişlərin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak edib.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib və Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi olub.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Eyni zamanda, 2009-2014-cü illərdə “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı – Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri, “SOCAR Türkiyə Ege” Neft Emalı Kompleksinin (Star layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının əvəzçiliklə müəllimi, Azərbaycan Diplomatik Akademiyasında müxtəlif mövzular üzrə mühazirəçi olub, İngiltərə, Fransa və digər ölkələrdə beynəlxalq hüquq və müqavilə hüququ sahəsində müxtəlif təlim və kurslarda iştirak edib. Beynəlxalq neft sazişlərinə, Hasilatın Pay Bölgüsü haqqında Sazışlərə, beynəlxalq və milli-hüquqi tənzimləməyə, beynəlxalq hüquqi proses və beynəlxalq məhkəmə prosedurlarına dair dissertasiya və monoqrafiyaların müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin dövrdə digər fəaliyyətlərlə yanaşı, xarici iqtisadi siyasət məsələlərin və ticarət nümayəndəliklərinin, “Azpromo” İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasının kuratoru, “Cənub Qaz Dəhlizi” layihəsində İqtisadiyyat Nazirliyi tərəfindən nümayəndə, “Azergold” QSC-nin Müşahidə Şurasının sədri, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının və “SOCAR Türkiyə Ege” Neft Emalı Kompleksinin (“Star” layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.

Almaniya, Çexiya, Sloveniya, Argentina və Braziliya ilə Hökumətlərarası Komissiyaların həmsədri, Şimal-Cənub dəhlizinin Rəşt-Astara hissəsinin maliyyələşdirilməsinə dair Azərbaycan – İran İşçi Qrupunun həmsədri, 19 ölkə ilə Hökumətlərarası Komissiyaların üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

Həmçinin, Macarıstan, Serbiya, Rumıniya, Monteneqro ilə Hökumətlərarası Komissiyalara sədrlik edir, eyni zamanda, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Kommersiya hüququ” dövlət imtahan komissiyasının sədridir.

Yeni Azərbaycan Partiyasının üzvü və ehtiyatda olan zabitdir.

Ailəlidir, 3 övladı var.

Sahil Babayev kimdir?

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər