“Çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışından sonra etdiyi çıxışında deyib.
Dövlət başçısı bildirib ki, onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilib: “Onların arasında, əlbəttə ki, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası inşa edilmişdir, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Deyə bilərəm ki, müsəlman aləmində ilk dünyəvi məktəb məhz Bakıda azərbaycanlı qızlar üçün Tağıyevin vəsaiti və təşəbbüsü ilə yaradılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların müəllifi, yəni ki, təşəbbüskarı məhz Tağıyev olmuşdur. Biz Bakının müxtəlif yerlərində onun memarlıq əsərlərini görə bilərik.
Baxmayaraq ki, o, kasıb ailədə doğulub və o dövrün mühitində böyüyüb, amma Bakının gözəlliyini təmin etmək üçün xaricdən memarlar dəvət etməsi onun mütərəqqi fikirdə olmasından xəbər verir. Qızlar üçün məktəbin açılması gələcəyə yönəlmiş bir addımdır. Hər kəs bilir ki, o, yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür və bu da gələcəyə yönəlmiş bir addım idi, gələcəyi düşünürdü. Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır. Çünki o, həm gözəl həkim, eyni zamanda, böyük dövlət xadimi olmuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Çünki o vaxt başqa Qafqaz xalqları ilə bərabər, dağıstanlıları da Qazaxıstana sürgün etmək istəyirdilər, sovet hökumətinin belə planları var idi. Məhz Əziz Əliyevin qətiyyətli mövqeyinə görə bu, baş vermədi. Dağıstanlılar bunu yaxşı bilirlər, yaxşı xatırlayırlar və təsadüfi deyil ki, Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır”.