5 C
Baku
Saturday, December 14, 2024

Tahir Mirkişili: “Pandemiya böhranından minimum itki ilə çıxmağa iqtisadi qabiliyyətimiz var”

“Azərbaycanın 5 aylıq iqtisadi göstəriciləri açıqlanıb. Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə baxmayaraq, azalan göstəricilərlə yanaşı, artan göstəricilər də mövcuddur”.

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

“Sənaye istehsalının 0,4%, o cümlədən qeyri-neft sənayesi istehsalının 14%, eləcə də kənd təsərrüfatı istehsalının 3,6%, o cümlədən bitkiçilikdə məhsul istehsalının 5,3%, heyvandarlıqda məhsul istehsalının 3,2%, həmçinin dövlət büdcəsi gəlirlərinin 17% artması, illik inflyasiyanın 2,9%-ə düşməsi indiki çətin şəraitdə mühüm nailiyyətlərdir. Ümumi daxili məhsulun (ÜDM) 1,7%, o cümlədən qeyri-neft-qaz ÜDM-nin 2,1% azalması isə pandemiyanın gözlənilən təsirlərinin nəticəsidir”, – o qeyd edib.

“Əslində koronavirusun iqtisadi təsirləri bütün dünyada müşahidə edilir. Əsas məsələ bu təsirlərin ÜDM-in həcmində və dinamikasında özünü necə göstərməsidir. Məsələn, Dünya Bankının bir neçə gün bundan əvvəl açıqladığı “Global Economic Prospects” hesabatında bu il Azərbaycanda ÜDM-in 2,6% azalacağı bildirilir. Halbuki azalmaya dair proqnoz göstəricisi Rusiyada 6%, Gürcüstanda 4,8%, Qazaxıstanda 3%, Türkiyədə isə 3,8%-dir. İstənilən halda bu ilin 5 ayının nəticələrinə görə, Azərbaycanda iqtisadiyyatın artımını, əhalinin məşğulluğunu təmin edən mənbələrdə – qeyri-neft sənayesi və kənd təsərrüfatı istehsalında mühüm irəliləyişlər var və bunlar dövlətin gördüyü tədbirlərin effektiv olmasını göstərir. Beynəlxalq bazar konyunkturasından asılı olan sahələrdə (neft-qaz, nəqliyyat-logistika və s.) azalmaların olması təbii və gözləniləndir”, – T.Mirkişili vurğulayıb.

Onun sözlərinə görə, büdcə gəlirlərinin artması və proqnozu üstələməsi əhalinin maddi rifah halına daha çox təsir edən sosial xərclərin icrası üçün mühüm maliyyə zəmini yaratmaqdadır: “Bu ilin büdcəsinin də ən böyük hissəsi (40%-ə yaxın) sosial xərclərdir. İnflyasiyanın minimum həddə olması və orta aylıq əməkhaqqının artması da mühüm sosial-iqtisadi nəticədir. İqtisadiyyatın ən çox islahatlara məruz qalan sahələrində indiki şəraitdə belə artımın qeydə alınması, ÜDM-də azalma tempinin az olması onu deməyə imkan verir ki, Azərbaycanın pandemiya böhranından minimum itkilərlə çıxmağa iqtisadi imkanları mövcuddur”.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər