Tailandın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) ölkədə NFT-tokenlər, “Dogecoin” kriptovalyutası və digər rəqəmsal aktivlərin ticarətini qadağan edib. Bildirildiyi kimi, tənzimləyicinin tələblərini yerinə yetirmək üçün ticarət platformalarına bir ay vaxt verilib. Xatırladaq ki, daha əvvəl ekspertlər “NFT köpüyünün partladığını”, populyar tokenlərin satışının isə son bir ayda 90% azaldığını söyləyiblər.
SEC-in qərarı barədə “Bloomberg” agentliyi məlumat verib. Qərar 11 iyun tarixində qüvvəyə minib. Tailand tənzimləyicisi rəqəmsal birjalardakı aktivlərin ticarətə buraxılması üçün sahib olmalı olduğu xüsusiyyətlərin siyahısını hazırlayıb. Beləliklə, qadağa aşağıdakı aktivlərə şamil olunur:
– mem-tokenlər: konkret bir məqsədi olmayan, lakin sosial şəbəkələrdə qiymətlərə təsir göstərən aktivlər;
– fan-tokenlər: idman klubları tərəfindən azarkeşlər üçün yaradılan aktivlər;
– NFT-tokenlər: yəni unikal, hər hansı bir obyektə hüquqlar verən tokenlər;
– birja tokenləri.
Tənzimləyici SEC tələblərini yerinə yetirmək üçün rəqəmsal birjalara 30 gün vaxt verib. Yeni qanunu pozanlar tənzimləyici tərəfindən sərt şəkildə cəzalandırılacaq. Qadağanın ilk növbədə son altı ayda 26000%-dən çox böyüyən və “Dogecoin” kimi tanınan kriptovalyutaya təsir edəcəyi gözlənilir.
“Dogecoin” həm də “Tesla”nın qurucusu İlon Maskın ən sevimli kriptovalyutasıdır. 2020-ci ilin dekabrında iş adamı sosial şəbəkədə “Təkcə bir söz: Doge” paylaşımını edib və bu, kriptovalyutanın kəskin bahalaşması üçün kifayət edib.
NFT-köpük
NFT-tokenlər 2021-ci ilin əvvəlində, rəqəmsal sənət predmetlərinin misilsiz məbləğə satıldığı dövrdə populyarlıq qazanıb. Bundan sonra blokçeyn istifadəçiləri satılan lotların orijinallığı ilə rəqabət etməyə başlayıb.
Hər bir NFT tək nüsxədə təqdim olunur, onu bir neçə hissəyə bölmək və ya saxtalaşdırmaq mümkün deyil. Bu cür tokenlər obyektin sahibliyini təsdiqləmək üçün istifadə olunur. Aprel ayında NFT bazarının satışları 2 milyard dolları keçsə də, fevral ayı ilə müqayisədə xeyli aşağı düşüb.
Bundan əvvəl “Protos” kriptoxəbərlər saytının mütəxəssisləri populyarlaşan tokenlərin satışlarının ən yüksək səviyyəsinin mayın əvvəlinə düşdüyünü, bir aydan sonra isə təxminən 90% azaldığını qeyd ediblər. Müəlliflər “NFT-köpüyünün partladığını” yazıblar.