Taksi qiymətləri artmaqda davam edir.
Banker.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, ən son qiymət artımı isə ölkədə geniş xidmət şəbəkəsi quran şirkətlərdən biri edib. Həmin şirkət sürücülərinə mesaj göndərərək 9% qiymətləri artırdığını bildirib. Şirkət qiymət artımını bütün kateqoriya üzrə edib.
Sərnişinlər isə qiymət artımının əleyhinədir. Üstəlik, taksilərin son günlər sifariş verildiyi ünvanına gec çatdığını deyənlər də var.
Onlar hesab edirlər ki, taksi qiymətlərinin bahalaşması mütəmadi hal alıb.
Bəzi şəxslər isə taksilərin sayının azaldılmasını yaxşı hal hesab etmirlər.
Taksi şirkətlərindən verilən məlumata görə, istehsal tarixi 15 ildən artıq olan köhnə nəqliyyat vasitələrinə sistem üzərindən sifarişlərin verilməsi mərhələli şəkildə dayandırılır. Sifarişlər də “tələb-təklif” prinsipi əsasında formalaşır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi taksi sayının daha da azaldılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qeyd edib ki, qanunvericilik bunu istisna etmir. Müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər.
Yeni qaydalara əsasən, taksi fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. İndiyə qədər hələlik 600-dən çox sürücü AYNA-ya müraciət edərək bu icazələri əldə edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: