18 C
Baku
Çərşənbə, May 25, 2022

Taleh Kazımov Mərkəzi Bankda görəcəyi işlərdən danışdı

Aprelin 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, komitə sədri bildirib ki, birinci və ikinci məsələlər ölkə Prezidenti tərəfindən təqdim edilib. Birinci məsələ – Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi ilə bağlı Prezidentin təqdimatı deputatlar tərəfindən müsbət qarşılanıb.

Sonra Tahir Mirkişili qeyd edib ki, növbəti məsələ Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə qəbul edilməsi ilə əlaqədardır. Komitə sədri Taleh Kazımovun iş təcrübəsi və peşə keyfiyyətləri barədə məlumat verib. Onun ölkənin bank sistemindəki xidmətlərindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib. Komitə sədri Mərkəzi Bank və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında sıx əlaqələrin olduğunu, bir sıra məsələlərin həllində faydalı əməkdaşlıq etdiklərini qeyd edib və bunun gələcəkdə uğurla davam edəcəyini söyləyib.

Müzakirələr zamanı çıxış edən komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Elnur Allahverdiyev, Vüqar Bayramov, Rüfət Quliyev, Aydın Hüseynov Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyini dəstəklədiklərini bildiriblər, bu təyinatın bank sisteminin fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edəcəyini qeyd ediblər.

Komitə sədri müasir çağırışları nəzərə alaraq, xüsusən pandemiyadan sonrakı dövrdə Mərkəzi Bankın daha aktiv fəaliyyət göstərməsinin, informasiya texnologiyalarından daha çox faydalanmasının əhəmiyyətindən danışıb. O, mövcud problemlərin həllində Milli Məclis, Hökumət və Mərkəzi Bankın qarşılıqlı əməkdaşlığının rolunu xüsusi qeyd edib.

Sonra Tahir Mirkişili məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini təqdim edib. Qeyd olunub ki, Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin olunması məqsədəuyğun hesab edilir.

İclasda iştirak edən Taleh Kazımov ölkə Prezidentinə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib. Komitə üzvlərinə müsbət rəyə görə təşəkkür edib. Fəaliyyəti dövründə Mərkəzi Bankla parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında daha sıx və səmərəli əlaqələrin qurulmasında səylərini əsirgəməyəcəyini söyləyib.

Daha sonra iclasda üçüncü oxunuşda olan bir sıra qanun layihələrinə, o cümlədən “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, habelə “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb və həmin sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Komitə üzvləri, həmçinin birinci oxunuşda təqdim olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələni də müzakirə ediblər. Məsələnin mahiyyəti barədə danışan komitə sədri bildirib ki, təklif olunan dəyişikliyə görə, kolxoz və sovxozların özəlləşdirilməsi zamanı pay torpağı almış insanların bu torpaqlar üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi zamanı rüsum alınmayacaq.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin iclasında baxılmaq üçün tövsiyə olunub.

İclasda, eyni zamanda “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi də müzakirəyə çıxarılıb. Məsələni parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Mahir Süleymanlı təqdim edib. Bildirilib ki, təklif olunan reqlamentin əsas məqsədi İttifaqın üzvləri üçün ən son texniki nailiyyətlər əsasında tezliklərdən istifadəni lazımi şəkildə təmin etməkdir.

Sənəd Milli Məclisin iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Mahir Abbaszadə, Məzahir Əfəndiyev, Anar Məmmədov, İqbal Məmmədov və Ağalar Vəliyev iştirak ediblər.

 

 

Son xəbərlər
Oxşar xəbərlər