Azərbaycanda son iki ayda pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi faiz dəhlizinin, xüsusilə də uçot dərəcəsinin maliyyə sektorunda faizlərə təsirinin güclənəcəyini gözləməyə əsas verib, Mərkəzi Bankın yeni sədri ölkə tarixində bunu ilk sayır.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bugünkü iclasda bildirib.
AMB tərəfindən sentyabrın 1-dən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılır.
Qeyd edilirdi ki, daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətləri işə salınıb, açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidi isə genişləndirilir.
Mərkəzi Bank 1 günlük depozit və əks-repo əməliyyatlarının aparılmasına başlayır. 1 günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə (4%), 1 günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə (9.25%) bərabərdir. 1 günlük əks-repo son dəfə 2007-ci ildə tətbiq edilib. Əməliyyat illik 16% olmaqla 11 milyon manat həcmində olub. 14 və 28 günlük verilən depozit əməliyyatları isə 2021-ci ildən dayandırılıb.
Bundan başqa, sterilizasiya məqsədilə 7 günlük repo və əks-repo hərracları da keçiriləcək. Repo əməliyyatları üzrə faizlər faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (4%-7.75%), 7 günlük əks-repo əməliyyatları üzrə faizlər isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi (7.75%-9.25%) arasındakı intervalda müəyyənləşdirməlidir.
Mərkəzi Bank 1 sentyabrdan tətbiq edilən bu addımının kökündə uçot dərəcəsinin pul-kredit siyasətinə təsirini artırmaq məqsədi güdürdü.
BAZARA TƏSİRSİZ FAİZ DƏHLİZİ TƏSİRLİYƏ ÇEVRİLİR
İndi 6 aydır Mərkəzi Bankın sədr postunu tutan Taleh Kazımov deyir ki, artıq yavaş-yavaş onun yeni komandası bu işçi öhdəsindən gələ bilir və ölkədə uçot faiz dərəcəsinin artıq bazara təsir edə bilməsi ilə bağlı gözləntilər özünü doğruldur.
O, AMB-yə sədr təyin edildikdən sonra faiz dəhlizinin parametrləri dəyişilməz saxlaması ilə bağlı məsələyə də toxunub.
“Mənim tərəfindən vurğulanmışdı ki, bunun əsas səbəbi uçot dərəcəmizin dəyişdirilməsinin bazara transmissiyasının həddindən artıq zəif olmasıdır, demək olar ki, yox idi”.
Qeyd edilir ki, faiz dəhlizinin təsirli olması məcmu tələbin tənzimlənməsi vasitəsilə inflyasiyaya təsir imkanlarını artıracaq. Yeni əməliyyat çərçivəsinin tətbiqi sahəsində bank ictimaiyyəti ilə aktiv kommunikasiya da faiz dəhlizinin ötürücülüyünün güclənməsinə dəstək verir.
“Cəsarətlə deyə bilərəm ki, bu, çox önəmli bir nailiyyətdir. Fürsətdən istifadə edib, buradan da komandamıza da təşəkkür etmək istəyirəm. Artıq müstəqilliyimiz dövründə ilk dəfə uçot dərəcəsinin banklararası faizlərə təsirini müşahidə edirik. Əsas hədəfimiz budur ki, Mərkəzi Bankın uçot dərəcəsilə qısamüddətli faizlərə təsir edərək inflyasiyaya təsir etmək imkanımız olsun. Mən başda olmaqla bütün komanda əməliyyat çərçivəmizin daha da təkmilləşdirilməsi üzərində çalışır”- deyə, Mərkəzi Bankın sədri T.Kazımov qeyd edir.
Mərkəzi Bankın yeni çeşiddə sterilizasiya əməliyyatlarının aktivləşməsi və büdcənin profisitli olması ilə əlaqədar olaraq ilin sonuna pul təklifinin artım proqnozu azaldılıb.
Bildirək ki, AMB-nin 28 oktyabr 2022-ci il tarixdə İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1 faiz artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.
“Yüksək iqtisadi aktivlik şəraitində kreditlərə tələb də yüksək olaraq qalır. 2022-ci ilin sentyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 3%, ilin əvvəlinə nəzərən 15.1%, ötən ilin eyni ayına nəzərən isə 23.5% artmışdır.
2022-ci il ərzində verilmiş pul siyasəti qərarlarının iqtisadiyyata təsirləri cari ilin qalan dövründə və 2023-cü ildə də özünü göstərəcəkdir”- deyə, Mərkəzi Bankı bildirir.