10 C
Baku
Thursday, December 12, 2024

Tam əksinə: idarəetmə üzrə «zərərli məsləhətlər»

Əlbəttə ki, qarşıda sizin diqqətinizə təqdim olunmuş  «tövsiyələr» hər hansı bir rəhbərliyin fəaliyyətindənsə, daha çox Qriqori Osterin «zərərli məsləhətlərinə» oxşayır. Kinayədən istifadə etməklə, «tərsinə» verilmiş bu məsləhətlər vasitəsi ilə, biz rəhbərlik üçün «qadağan olunmuş fəndləri» əyani şəkildə sizin diqqətinizə çatdırmaq istəyirik.

 Əgər siz effektiv idarəetməyə və öz əməkdaşlarınızın fəaliyyətlərinin səmərəliliyinə nail olmaq istəyirsinizsə bu fəndlərdən istifadə etməyə dəyməz. Bu fəndləri bilmək  qərəzli rəhbərliyin, həmçinin destruktiv liderliyin diaqnostikası üçün də faydalı ola bilər.  

1. İşçilərinizə göstəriş verərkən elə sürüşkən terminlərdən istifadə edin ki, onlar heç təxmini də olsa sizin nə demək istədiyinizi başa düşməsinlər.  Heç bir konkret halı xatırlatmayın, nə də konkret bir misal gətirməyin. Göstərişləri elə verin ki, sanki onlar özü-özünə bunu başa düşməlidir. Siz heç şübhə etmirsiniz ki, azacıq intellekti olan adamlar onu başa düşməkdə çətinlik çəkə bilər, yəni bu tapşırıq istənilən insana aydın olmalıdır. İşçilərinizi elə tənqid edin ki, onlar yol verilmiş səhvləri aradan qaldırmaq üçün nə etmək lazım olduğunu başa düşməsinlər.

2. İtaət əlaməti olaraq dərindən ah çəkin və ya onlar sizin dediklərinizdən hər-hansı birinə aydınlıq gətirməyi xahiş edəndə son dərəcə təəccüblü sifət alın.  Eyham edin ki, ondan başqa heç kim hələ indiyə qədər sizdən belə bir sadə göstərişi izah etməyi xahiş etməyib. Mövcud vəziyyətə cüzi də olsa aydınlıq gətirə biləcək nümunələrdən mütləq şəkildə yayınmağa çalışın. Əgər tabeliyinizdə olan şəxs hər şeyi çox tez başa düşsə, o özünü daha əmin hiss edəcək.

3. Əgər işçiniz eyni bir şeyə dair iki dəfə sual verərsə, ona deyin ki, siz artıq bu suala cavab vermisiniz.  Hətta o bu sualı ilk dəfə vermiş olduğu halda da, siz yenə belə edə bilərsiniz. Xüsusi ilə də o halda ki, işçinizin artıq öz gücünə olan əminliyi yerindən oynayıb. Çalışın sübut edəsiniz ki, yaddaşı onu pis vəziyyətdə qoyur. Belə halda o sizin dəyərli vaxtınızı əbəs yerə sərf etdiyinə görə özünü  günahkar hiss edəcək.

4. Əgər işçi hələ də sizin nə deməyə çalışdığınızı anlamırsa, öz hiddətinizi gizlətməyə çalışmaq üçün çox qüvvə sərf etməli olduğunuzu göstərin. Bu dəfə hər şeyi elə ətraflı, elə xırdalıqla izah edin ki, işçiniz hiss etsin ki siz onu elə də düşüncəli hesab etmirsiniz. Bundan ötrü təlimatı çox asta-asta və çox sadə sözlərlə izah edin. Hətta o sizi inandırmağa çalışsa da ki, artıq hər şeyi başa düşüb, digər bəhanələrlə yenə də ətraflı izahat verməyə davam edin.

5. Əgər onun işində tənqid üçün bəhanə tapa bilsəniz, bu imkanı əldən qaçırmayın, hətta bu səhv çox əhəmiyyətsiz və çox asanlıqla aradan qaldırıla bilən olsa da. Bundan əlavə, siz onu hələ ki, yol vermədiyi səhvlər üzərində yaxalamağa da çalışa bilərsiniz!

6. Ona ətraflı təlimatlarla bir neçə tapşırıq verin, lakin məqsədləri və gözlənilən nəticələri gizli saxlayın, yəni onları bildirməyin. Bu zaman o həmin nəticəyə başqa yolla daha qısa müddətə çatmağın mümkün olduğuna görə şikayətlənə bilməyəcək. Özünüzü elə aparın ki, işçi tərəfindən irəli sürüləcək istənilən bir təşəbbüsün qarşısını ala biləsiniz.

7. İşçi tərəfindən sizin tapşırığın həyata keçirilməsi prosesində isə vaxtaşırı öz göstərişlərinizi dəyişin. Bu vaxt hətta siz bəzi göstərişlərin siz tərəfdən verildiyini inkar da edə bilərsiniz, xüsusi ilə də əgər nəticələr o qədər ürəkaçan olmursa.

8. Sizin göstərişlərin həyata keçirilməsi zamanı ortaya bir sıra qeyri-müəyyən məsələlər çıxa bilər. Təkid edin ki, o yenə də təkrarən sizə müraciət etsin. Ona müstəqil qərarlar qəbul etməyə icazə verməyin, hətta o desə də ki, nə etmək lazım olduğunu bilir, yenə də ona məhəl qoymayın. Əgər o sizin müdaxilənizə qarşı öz etirazını bildirərsə, ona çatdırın ki, bu məsələdə bir sıra incə məqamlar var ki, vaxt darlığı üzündən onları izah edə bilməzsiniz. Sonda o başa düşəcək ki, səbəb onun kifayət qədər düşüncəli olmamağındadır, nəinki bəzi xırdalıqları bilməməyində. Yəni siz buna görə ona tam etibar edə bilmirsiniz, axı onu kifayət qədər ağıllı sanmırsınız.

9. İşçini məcbur edin ki, o tapşırığı tamamilə sizin verdiyiniz təlimatlara uyğun həyata keçirsin, hətta bu yol çox astagəl və narahat olsa da. Bu halda siz onun aşağı məhsuldarlıq göstərdiyinə görə şikayətlənə bilərsiniz.

10. Ona elə vaxt məhdudiyyətləri qoyun ki, bu müddət ərzində işləri yekunlaşdıra bilməyəcəyinə əminsiz. Gözlənildiyi kimi, o işi lazımı vaxtda yetirə bilməzsə, siz onun faydalı iş əmsalının çox aşağı olduğunu söyləyə bilərsiniz, həm də ki, onun işə kifayət qədər ciddi yanaşmadığını vurğulayarsınız.

11. Ona elə işlərin həyata keçirilməsini həvalə edin ki, bu onun hazırlıq səviyyəsindən və bacarıqlarından qat-qat aşağı səviyyədə olsun. Sonra isə qeyd edin ki, hətta qeyri peşəkar əməkdaş da bu tapşırıqların öhdəsindən çox asanlıqla gələ bilərdi.

12. Onun etdiyi hər şeyi daha da təkmilləşdirin. Ona isə deyin ki, bunu ona görə edirsiniz ki, onun gördüyü iş ümumiyyətlə yararlı səviyyədə olsun, yəni məqbul hesab edilsin. Sonra isə o, eyni bir işi sizin tələblərinizə uyğun şəkildə dəfələrlə düzəltməyə və təzədən etməyə çalışanda, siz onun əməyinin səmərəsiz olduğunu qeyd edə bilərsiniz. Əgər sonda o təslim olub, işi necə gəldi, səliqəsiz həyata keçirərsə, onun pintiliyini vurğulayın.

Bu məsləhətlərə əməl edərək siz sonda bunlara nail ola bilərsiniz:

•    Sizin əməkdaşınız, öz bacarıqlarına şübhə etməyə başlayacaq;
•    Onun digərlərinə təsir etmək arzusu heçə enəcək:
•    O, müstəqil qərar qəbul etməkdən çəkinəcək;
•    Istənilən xırda məsələyə görə o, sizə müraciət edəcək:
•    Sizin əməkdaş digər birinin kifayət qədər tez həll edə biləcəyi məsələ üzərində isə uzun müddət ərzində əlləşməli olacaq;
•    Siz sübut edəcəksiniz ki, siz ondan daha ağıllısınız;
•    O, belə bir qənaətə gələcək ki, «öz gücünə uyğun» bir iş tapsa daha yaxşı olar.

Son xəbərlər
Digər xəbərlər