Bəzi KİV-də su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı yayılan məlumatlara Tarif (qiymət) Şurası münasibət bildirib.
Şuranın Katibliyindən verilən xəbərə görə, tariflərin birləşdirilməklə vahid tarif sisteminə keçilməsi tarif artımı kimi təqdim olunur.
“Bu cür yanlış məlumatlar isə əhali arasında çaşqınlıq yaradır. Tarif Şurası bir daha xatırladır ki, “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli qərarı ilə “Azəristiliktəchizat” ASC üzrə 1 kubmetr su təchizatına görə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,35 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,30 manat, tullantı sularının axıdılması xidmətinə görə isə 0,15 manat təsdiq edilib”, – deyə məlumatda bildirilib.
Şuranın noyabrın 28-də keçirilən iclasında müvafiq qərara dəyişiklik olunub, “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib. Belə ki, adıçəkilən bu iki subyekt arasında 1 kubmetr su təchizatı və tullantı sularının axıdılması tarifləri Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat (0,35 manat + 0,15 manat), digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat (0,30 manat + 0,15 manat) olmaqla dəyişdirilməyib, birləşdirilərək əvvəlki səviyyədə saxlanılıb.
Tarif Şurası bir daha KİV-lərə diqqətli olmağı, araşdırılmamış məlumatları dərc etməkdən çəkinməyi tövsiyə edir.
Report