Məlum olduğu kimi, bu gün Tarif Şurasının iclasında hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edilib.
Sözügedən qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.
Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiq olunması dərman bazarına necə təsir göstərəcək? Yeni qərarın əhalinin dərmanlara əlçatanlığına, rəqabət mühitinə təsiri necə olacaq?
Millət vəkili Rəşad Mahmudovun saytımıza bildirdiyinə görə, Tarif Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi ilə əlaqəli qərarı Prezident tərəfindən yaxın keçmişdə qəbul edilib və təsdiqlənmiş dərman vasitələri haqqıda qanunun tələblərinə uyğun dəyişiklikdir. Dərman vasitələrinin bu gün qiyməti, həm də dünya bazarındakı reallıqları özündə əks etdirir: “Dünya bazarında günü-gündən yaranan problemlər, iqtisadi tənəzzülün bütün sahələrdə olduğu kimi dərman sektorunda da özünü göstərməsi labüddür. Bunu bütün ölkələr hiss edirlər. Eləcə də, ölkələrin daxili qanunlarına və işlək mexanizmlərinin də bu hadisəyə təsiri yan ötüşmür. Prezident tərəfindən son dəyişiklik də məhz ölkəyə daxil olan dərman preparatlarının keyfiyyətinin ən yüksək səviyyədə saxlanılması ilə birlikdə, uyğun rəqabətlilik ortamı yaradaraq xəstələrə və insanlara dərmanların əlçatanlığını optimallaşdıracaq”.
Millət vəkili vurğulayıb ki, daha əvvəllər dərmanların qiyməti Tarif Şurası tərəfindən təsdiqlənsə də, burada vahid qiymət var idi: “Bu gün isə bu vahid qiymətlər orijinal dərman şirkətlərinin qəbul etdiyi optimal qiymət səviyyəsində tutularaq aşağı həddə hər hansı bir sədd qoyulmayıb. Bu da zaman içərisində fərqli dünya istehsalçılarının ölkəmizdə rahat şəkildə, daha uyğun qiymətə dərmanlarının satılması, qeydiyyatdan keçmələri üçün imkan yaradır.
Tarif Şurasının əvvəlki qərarı dərmanlarda yuxarı hədlə birlikdə aşağı həddə də bir əngəl yaradırdı. Amma bugünkü qərarda yuxarı hədd limiti qoyulub, aşağıda isə ucuzlaşdırma ilə əlaqədar daha yumşaq hərəkət olunması üçün şərait yaradır. Bundan əlavə, bu, dərman vasitələri haqqındakı qanunun yaratmış olduğu imkanlardan biridir. Bu, ölkədə qeydiyyat sisteminin əvvəlki illərə görə dəfələrlə rahatlaşdırılması, müddətin qısaldılması, lazım olan bürokratik sənədləşmənin beynəlxalq standartlara uyğunlaşdırılması və sürətli şəkildə həyata keçirilməsini də özündə ehtiva edir. Fərqli ölkələrdən ölkəmizə dərman vasitələrinin gətirilməsinin rahatlaşdırılması, Avropada və ölkəmiz tərəfindən qəbul olumuş bir çox ölkələrdə qeydiyyatdan keçmiş dərman vasitələrinin ölkəmizdə qeydiyyatının daha sürətli aparılmasına imkan yaradır. Bunlar keyfiyyətli, uyğun qiymətə dərmanlara əlçatanlığın təmin edilməsinə xidmət edir”.
R. Mahmudov əlavə edib ki, əvvəllər hər hansı dərman preparatının qeydiyyatı üçün müraciət 8 ay ilə 1,5 il arasında gerçəkləşirdisə, bu gün bu müddətin dəfələrlə qısaldılaraq 3 ay içərisində tamamlanması kimi son hədd qoyulub.
Qeyd edək ki, tariflər 15 sentyabr 2023-cü il tarixindən qüvvəyə minir.