14 C
Baku
Sunday, November 24, 2024

Tayvan uğrunda artan gərginlik

ÖTƏN GÜN Böyük Çin imperiyasının süqutu ilə nəticələnmiş və Çində 4000 illik sülalə hakimiyyətinə son qoymuş Sinxay inqilabının 110-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edən ÇXR prezidenti Si Cinpinin Tayvanla bağlı son qeydləri Çin-Tayvan münasibətlərinin 25 illik fasilədən sonra yenidən pik həddə gərginləşməsinə səbəb olmuşdur. Belə ki, Tayvan adasının ana vətənlə (Materik Çini ilə) yenidən birləşməsinin labüdlüyündən danışan prezident sülh yolu ilə birləşmənin tayvanlılar da daxil olmaqla Çin millətinin milli maraqlarına ən uyğun yol olacağını bəyan etmişdir. Bu günə qədər Honq Konq və Makaoda tətbiq edilən “bir dövlət, iki sistem” təklifi əsasında Tayvanın ilhaq edilməsini zəruri bilən dövlət başçısı heç kimin Çin xalqının milli suverenliyi və ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini sınamamalı olduğunu vurğulamışdır.

Banker.az xəbər verir ki, bu barədə “Topçubashov Mərkəzi” yazır.

Tayvan rəhbərliyi sözügedən çıxışlara sərt münasibət bildirərək adanın Çinin təzyiqlərinə tab gətirə biləcəyini, provakasiyalara yol verilməməsini və Çinlə münasibətlərində hazırki status-kvonun saxlanılmasında daha çox maraqlı olduqlarını bildirmişdir.

Buna qədər dəfələrlə Tayvan boğazını keçərək hava sərhədini pozan Xalq Azadlıq Ordusuna aid hava qüvvələri sonunca dəfə oktyabrın 4-ü rekord sayda – 56 döyüş təyyarəsindən ibarət qüvvəylə Tayvanın hava hücumundan müdafiə qüvvələrinin identifikasiya zonasında görülüb.

Qeyd edək ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşdiyi tarix 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. III Tayvan boğazı böhranı kimi tarixə düşmüş insident, ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sonlanmışdı.

Məlum olduğu kimi, 20 ildən çox davam edən Çin Vətəndaş müharibəsindən sonra kommunist qüvvələri tərəfindən Materik Çinindən qovulan KMT tərəfdarlarının adada məskunlaşmasından sonra yaranan iki Çindən biri olan Tayvanın (rəsmi adı Çin Respublikası) müstəqilliyi dünyanın çox az ölkəsi tərəfindən tanınır. Böyük dövlətlərin Tayvanla rəsmi olaraq heç bir əlaqələri olmasa da, hərbi və iqtisadi sahədə Birləşmiş Ştatlarla əməkdaşlıqları yüksələn xətlə davam etməkdədir. Belə ki, adanın özünü müdafiəsini təşkil edəcək hərbi vasitələrin təmin edilməsinə dair strateji bir qanun – “Tayvan Münasibətləri Aktı” 1979-cu ildə ABŞ-da qüvvəyə minmişdir. Bəzi mənbələrə görə, Çinin son illərki həmlələrinə cavab olaraq, ABŞ-ın xüsusi əməliyyatlar bölməsi və dəniz piyadaları kontingenti məxfi şəkildə Tayvanın müdafiə potensialını gücləndirmək məqsədilə quru qoşunlarına və hərbi dəniz qüvvələrinə xüsusi hazırlıq proqramları əsasında təlimlər keçirlər.

Bundan başqa, Tayvan demokrasiyasını təhlükə altında qoyacaq xarici hərbi müdaxiləni mütəmadi olaraq pisləyən Ağ Ev rəhbərliyi, eyni zamanda Tayvan Boğazında “sülhə və sabitliyə xələl gətirə biləcək” hər hansı bir aqressiv fəaliyyətə qarşı regiondakı müttəfiqləri ilə birgə aktiv mübarizə aparacaqlarını açıqlayıblar. Müttəfiqlər dedikdə, əsasən Yaponiyanın narahatlığına səbəb olan həll edilməmiş Tayvan məsələsi Gündoğan ölkənin sözügedən adanın müdafiəsi istiqamətində adekvat tədbirlər görməsini sürətləndirmiş və Şərqi Çin dənizində Rükü adaları boyunca müdafiə xətti qurmasına vadar etmişdir. Baş nazirin müavini Taro Asonun cari ilin iyul ayındakı çıxışında ölkəsinin ABŞ-la birgə adanı Çinin işğalından qoruyacağını deməsi, rəsmi Tokyonun da Tayvan mövzusuna qarşı həssaslığını nümayiş etdirir.

Sözsüz ki, coğrafi mövqeyi və mikroelektronika sahəsində sahib olduğu texnoloji üstünlük də Tayvanın strateji əhəmiyyətini artıran və müdafiəsini şərtləndirən əsas amillərdir.

Pekin tərəfi isə ABŞ və müttəfiqlərinin Tayvan məsələsindəki yanaşmalarını Çinin daxili işlərinə qarışma və ərazi bütövlüyünün bərpası prosesinə süni əngəl törədilməsi kimi qiymətləndirir.

Üstəlik, Si Cinpin komandasının hakimiyyətə gəlməsiylə Pekin hökumətinin hücumameyilli xarici siyasi kurs nümayiş etdirməsi, okean və dənizlərdə sistematik ekspansiya siyasəti yürütməsi, o cümlədən, prezidentin çıxışlarında “Vahid Çin Siyasəti” prinsiplərinin heç vaxt dəyişmədiyini qeyd etməsi, regionda yaxın zamanda baş verə biləcək ziddiyyətli geosiyasi dəyişikliklərdən və ada uğrunda genişmiqyaslı təsirləri ola biləcək konfliktlərin yaşana biləcəyindən xəbər verir. Dolayısıyla, verilən bəyanatlardan da görünən odur ki, ÇKP-nin Çin Vətəndaş Müharibəsindən geriyə qalma tamamlanmamış tarixi missiya hesab etdiyi Tayvan məsələsi ABŞ-Çin diplomatik münasibətlərinin və eləcə də regionun dominant ölkələri arasındakı əlaqələrinin inkişaf dinamikasına uzun müddət təsir etməyə davam edəcək.

 

Son xəbərlər
Digər xəbərlər