8 C
Baku
Friday, December 13, 2024

TDT-yə üzv ölkələr arasında qida təhlükəsizliyi sahəsində müqavilə imzalanacaq

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında qida təhlükəsizliyi sahəsində müqavilə imzalanacaq.

Bunu TDT-nin baş katibinin müavini Ömər Kocaman bu gün Bakıda keçirilən Beynəlxalq Aqro Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, hazırda sənədin layihəsi üzərində iş aparılır.

“İqlim dəyişikliyi və onun gətirdiyi problemlər, eləcə də Rusiya-Ukayna müharibəsi qida təhlükəsizliyi ilə bağlı məsələlərin önəmini artırıb və biz bu mövzunu gündəmimizə daxil etdik. Qida təhlükəsizliyi ilə bağlı TDT-yə üzv olan ölkələr arasında müqavilənin imzalanması ilə bağlı təklifi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev edib”, – deyə TDT rəsmisi qeyd edib.

O həmçinin deyib ki, TDT ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıqla bağlı müqavilə imzalanacaq: “Bu müqavilə martın sonunda İtaliyada imzalanacaq. TDT-yə üzv ölkələrdə FAO ilə birlikdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər həyata keçiriləcək”.

“Kənd təsərrüfatı sahəsində layihələr həyata keçirmək niyyətindəyik. TDT-yə üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsinin illik dəyəri 40 milyard ABŞ dollarıdır və bu göstəricini artırmaq lazımdır. Bununla yanaşı, ticarət dövriyyəsində kənd təsərrüfatının payını artırmalıyıq”, -deyə Ö.Kocaman əlavə edib.

Xatırladaq ki, TDT 2009-cu ildə yaradılıb. Üzv dövlətlər Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər