9 C
Baku
Thursday, December 12, 2024

Tehran Mənsimova Prezidentin Təhlükəsizlik Xidmətində vəzifə verildi

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimovun xidmət yeri dəyişdirilib.

Bu yaxınlara kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edən Tehran Mənsimov hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.

Polkovnik Tehran Mənsimov Azərbaycan ictimaiyyəti tərəfindən “Şuşa fatehi” adı ilə tanınaraq, məşhurlaşıb.

Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. 1989-cu ildə orta məktəbi bitirib. 1990-1992-ci illərdə keçmiş sovet ordusu sıralarında qulluq edib. Daha sonra Azərbaycan Milli Ordusunda xidmətə başlayıb. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanaraq, cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Ardınca Ali Hərbi Məktəbdə təhsil alıb və ona leytenant rütbəsi verilib.

24 avqust 2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub və 26 iyun 2013-cü ildə həmin akademiyanı fərqlənmə ilə bitirib.

Qarabağ bölgəsində taqım komandirliyindən briqada komandirliyinə kimi xidmət yolu keçib.

4 iyul 2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayıb və Şahbuz rayonundakı hərbi hissənin komandiri olub.

Polkovnik Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan 44 günlük Vətən müharibəsində fəal iştirak edib. O, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşa döyüşlərində şəhərə girən ilk zabitlərdən olub. Bu döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib.

Tehran Mənsimov 2005-ci ildə “İgidliyə görə”, 2017-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilib.

Vətən müharibəsindəki qəhrəmanlığına görə 2020-ci ildə ona ölkə başçısının sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni verilib. Bundan başqa o, “Şuşanın azad olunmasına görə” medalı ilə də təltif edilib.

Prezidentin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Tehran Mənsimova “Füzulinin azad olunmasına görə” medalı verilib.

Tehran Mənsimovun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti 16 mart 2020-ci il tarixində yaradılıb. Həmin tarixdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib. Ləğv edilən qurumun əsasında isə aşağıdakı 3 dövlət orqanı yaradılıb:

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general Bəylər Eyyubovdur.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər