20 C
Baku
Friday, October 11, 2024

Tenderlərdə bank təminatları elektron formada təqdim ediləcək

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Mərkəzi Bank ilə birlikdə bank təminatlarının dövlət satınalmalarının vahid internet portalına (etender.gov.az) inteqrasiyasını yekunlaşdırıb. Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bundan sonra “etender.gov.az” portalında elektron satınalma müsabiqələri üzrə sahibkarlar tərəfindən tender təklifinin təminatı satınalan təşkilatlara yalnız elektron formada portal vasitəsilə təqdim ediləcək.

Elektron satınalma vasitəsilə açıq tender keçirilən zaman elektron qaydada təqdim edilən tender təklifinin təminatının məbləği və qüvvədə olma müddətinin tenderin əsas şərtlər toplusunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək. Malgöndərənlər (podratçılar) təkliflərini təqdim edərkən uyğunsuzluq olduğu halda, tender təkliflərinin verilməsinin son müddəti bitənədək tender təklifinin təminatına müvafiq düzəliş etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron satınalma vasitəsilə keçirilməyən müsabiqələrdə də tender təklifi təminatları, eləcə də bağlanmış müqavilə üzrə avans və müqavilənin yerinə yetirilməsi təminatları elektron formada təqdim edilə bilər.

Dövlət Xidmətindən bildirilib ki, dövlət satınalmaları prosedurları tamamilə elektronlaşdırılacaq.

Son xəbərlər
Digər xəbərlər