“Tesla” 2026-cı il üzrə kapital xərcləri proqnozunu $25 milyarda yüksəldib

“Tesla” 2026-cı ildə kapital xərclərinin 25 milyard dollardan çox olacağını gözləyir ki, bu da ötən illə müqayisədə təxminən üç dəfə çoxdur. Bu göstərici şirkətin əvvəlki 20 milyard dollarlıq proqnozundan da yüksəkdir, “Bloomberg” yazır.

Maskın sözlərinə görə, “Tesla”nın kapital xərclərində artım “çox nəzərəçarpan” olacaq. Bu vəsaitlər istehsalın genişləndirilməsinə, o cümlədən insanabənzər “Optimus” robotlarının istehsalına, süni intellekt texnologiyalarının inkişafına və avtonom idarəetməyə malik “Cybercab” avtomobilinin hazırlanmasına yönəldiləcək. “Bloomberg” qeyd edir ki, şirkətin ənənəvi elektromobil biznesi artıq iki ildir ardıcıl olaraq azalır və bu, futuristik təşəbbüslərə keçidi sürətləndirir.

ABŞ-də premarket ticarəti zamanı aprelin 23-də “Tesla” səhmləri 2,5% ucuzlaşaraq minimumda 377,8 dollar səviyyəsinə düşüb. Aprelin 22-də bağlanış zamanı isə qiymət 387,5 dollar (+0,3%) olub. “Bloomberg”in məlumatına görə, səhmlər 2025-ci ilin dekabr ortasında qeydə alınan pik səviyyədən təxminən 21% aşağıdır.

“SLC Management” şirkətinin idarəedici direktoru Dek Mallarkey hesab edir ki, bu planlar şirkətin məqsədlərinə çatmasının nə qədər baha başa gəldiyini göstərir və sərbəst pul axınının potensialına daha realist yanaşmağa vadar edir.

2026-cı ilin birinci rübündə “Tesla” gəlirini illik müqayisədə 16% artıraraq 22,4 milyard dollara çatdırıb. Xalis mənfəət 17% artaraq 477 milyon dollar olub, səhm üzrə mənfəət isə 0,41 dollar təşkil edib. “Bloomberg” qeyd edir ki, bu nəticələr analitiklərin proqnozlarını üstələyib və bu, artıq ikinci rübdür ki, davam edir. Şirkət bildirib ki, benzin qiymətlərinin artması elektromobillərə tələbatı artıraraq biznesə müsbət təsir göstərir.

“Zacks Investment Research” analitiki Andrü Rokko qeyd edib ki, elektromobil biznesi artıq sürətlə böyüməsə də, robototexnika və pilotsuz idarəetmə texnologiyalarına böyük investisiyaları maliyyələşdirmək üçün kifayət qədər sabitdir. “Tigress Financial Partners” şirkətinin investisiya direktoru Ayvan Faynset isə bildirib ki, qısamüddətli dövrdə xərclər pul axınının azalmasına və risklərin artmasına səbəb olacaq, lakin uzunmüddətli perspektivdə səhmlərə müsbət təsir göstərə bilər. Onun fikrincə, investorlar “Tesla”nı yalnız avtomobil istehsalçısı kimi deyil, həm də süni intellekt və robototexnika platforması kimi qiymətləndirə bilərlər.

Son xəbərlər
Digər xəbərlər