Tesla Texasda sükan və pedalsız Cybercab robotaksisini rəsmi istifadəyə verib

Tesla Texas ştatında sükan və pedalları olmayan tam avtonom Cybercab avtomobili əsasında robotaksi xidmətini rəsmi istifadəyə verib. The Verge yazır ki, şirkət qapalı tədbir keçirərək Cybercab-ı təqdim edib və avtomobilin Ostində fəaliyyət göstərən robotaksi parkına əlavə olunduğunu açıqlayıb.

Tesla rəhbəri İlon Mask Cybercab prototipini ilk dəfə 2024-cü ilin oktyabrında nümayiş etdirmişdi. Şirkət ilk seriyalı elektromobili 2026-cı ilin fevralında istehsal edib, kütləvi istehsala isə apreldə başlayıb. İyun ayından etibarən Cybercab ABŞ yollarında sınaqdan keçirilirdi.

Tesla robotaksi xidmətini 2025-ci ilin yayında ABŞ-də sınaqdan keçirməyə başlamışdı. Həmin vaxt parkda yalnız Model Y avtomobilləri istifadə olunurdu.

Şirkət robotaksi parkına dəqiq neçə Cybercab əlavə etdiyini açıqlamayıb. Bununla belə, Texas Nəqliyyat Departamentində Tesla-nın 45 Cybercab avtomobili qeydiyyatdan keçib. Ümumilikdə şirkətin ABŞ-nin altı şəhərində fəaliyyət göstərən robotaksi parkında 256 pilotsuz avtomobil var.

Müqayisə üçün, Waymo-nun 14 şəhərdə təxminən 4 min avtonom avtomobili fəaliyyət göstərir.

Tesla eyni zamanda Cybercab avtomobillərini alaraq öz robotaksi parkını yaratmaq istəyən şəxslər və şirkətlər üçün ayrıca sayt istifadəyə verib. Platforma potensial tərəfdaşların robotaksi biznesinə marağını qeydə almaq üçün nəzərdə tutulub.

Cybercab-ın kommersiya satışlarının nə vaxt başlayacağı isə hələ açıqlanmayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər