11 C
Baku
Wednesday, December 11, 2024

“Tesla”nın Çində daha bir rəqibi ortaya çıxıb

Almaniyanın “Audi AĞ” və Çinin “FAW” şirkəti elektrikli nəqliyyat vasitələrinin istehsalı üçün ortaq layihədə başlamaq barədə razılığa gəliblər.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, layihə Çində reallaşdırılacaq. Beləliklə, Amerikanın “Tesla”sı bu bazarda daha bir rəqiblə üzləşəcək.

“Audi”nin saytında yer alan məlumata görə, elektrikli avtomobillər “Porsche” ilə birlikdə təsis edilmiş “Premium Platform Electric” (PPE) platformasında yığılacaq.

İstehsalın 2024-cü ildə Çinin şimal-şərqindəki Çançun şəhərində başlanacağı planlaşdırılır. Zavodun inşasının təxminən 30 milyard yuana (4.62 milyard dollar) başa gələcəyi güman edilir.

Eyni zamanda, “Audi” yaxın illərdə Çində digər elektrikli modelləri lokallaşdırmağı düşünür. Məsələn, 2025-ci ilə qədər şirkət Çin bazarının üçdə bir hissəsinin elektrikli nəqliyyat vasitələrinin payına düşməsini istəyir.

Qeyd edək ki, 2020-ci ilin yanvar-sentyabr aylarında “Audi” 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4.5% çox avtomobil satıb – 512 081. Beləliklə, koronavirus pandemiyasına baxmayaraq, alman markası Çin bazarında son 30 ildə ən yaxşı nəticəni əldə etməyi bacarıb.

“Bloomberg”in daha əvvəl xəbər verdiyi kimi, “Tesla” 2020-ci ildə Çində rekord 120 000 avtomobil satıb. Çin Avtomobil İstehsalçıları Birliyinin proqnozuna görə, İlon Maska məxsus olan bu şirkət 2021-ci ildə 280 000-dək avtomobil satacaq.

Çin “Tesla” üçün bütün satışların 40%-i deməkdir, qalanı Avropa və ABŞ-ın payına düşür. Bununla birlikdə mütəxəssislər yerli  “Nio Inc.”, “Xpeng Inc.” və “Li Auto Inc.” startapların get-gedə böyüməsi səbəbindən 2021-ci ilin “Tesla” üçün asan olmayacağını gözləyirlər. Belə ki, onların hamısı dövlət və ya internet nəhənglərinin dəstəyini alır.

Xatırladaq ki, daha əvvəl Çində IM (Intelligence in Motion) markasının adı altında “Alibaba”ya məxsus yeni elektrikli avtomobil modeli təqdim edilmişdir. Satışların başlanması 2021-ci ilin sonuna planlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər