“Threads” istifadəçilərə əlaqəli “Instagram” səhifəsini silmədən hesabı silməyə icazə verib. Xatırladaq ki, əvvəllər “Threads” hesabını sildikdə avtomatik “Instagram” hesabı da silinirdi.
Yeniləmə haqqında “Instagram”ın rəhbəri Adam Mosseri məlumat verib. “Threads”də hesabı silmək üçün siz “Parametrlər”ə keçməlisiniz, orada “Hesab” bölməsini tapmalısınız və “Profili sil və ya deaktiv et” seçiminə klik etməlisiniz. Bütün məlumatlar 30 gün ərzində silinəcək.
“Twitter”in analoqu olan “Threads” sosial şəbəkəsi 6 iyul 2023-cü ildə işə salınıb. Qeydiyyatdan keçdiyiniz zaman o, adınızı, izləyicilərinizi və digər məlumatlarınızı “Instagram”dan köçürməyi təklif edir.
Oktyabr ayında Mark Zukerberq “Threads”in aylıq 100 milyona yaxın aktiv istifadəçisi olduğunu bildirib. Lakin “TechCrunch”ın qeyd etdiyi kimi, bu, sosial şəbəkə üçün aydın göstərici deyil, çünki sayta bir dəfə daxil olduqdan sonra insan artıq “aktiv istifadəçi”yə bərabər tutulur.