26 C
Baku
Friday, April 19, 2024

Tibb işçilərinin istifadəsi üçün xüsusi mobil tətbiq istifadəyə verilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) BMT-nin İnkişaf Proqramının dəstəyi və “Ezgil Medical Technologies” şirkətinin əməkdaşlığı ilə tibb işçilərinin istifadəsi üçün xüsusi mobil tətbiq yaradıb.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, yeni “MD Reference” mobil tətbiqin əsas vəzifəsi klinik qərarların qəbulunda həkim və orta tibb heyətinə dəstək olmasıdır. Səhiyyə işçiləri bu tətbiqdən istifadə edərək, tibbi yardımın keyfiyyətini yüksəltməyə, öz praktik fəaliyyətlərinin nəticələrinin daha da yaxşılaşdırılmasına nail olacaqlar. İstifadəsi olduqca rahat olan bu mobil applikasiya həkimlər və digər səhiyyə işçilərinin bacarıqlarının təkmilləşdirilməsi, onların bu sahədə ən son yeniliklərdən daim xəbərdar olmalarına kömək edəcək.

Bundan başqa, “MD Reference”ın yaradıcıları tətbiqdə COVID-19 pandemiyasına həsr olunmuş xüsusi bölmə əlavə ediblər. Mobil proqramın bu bölməsində tibb işçiləri üçün olduqca vacib olan ən son məlumatlar yerləşdirilib: koronavirus infeksiyasının profilaktikası, infeksion nəzarət, dezinfeksiya, xəstəliyin diaqnostikası və müalicəsinə aid təlimatlar. Bölmə COVID-19 ilə mübarizədə gərgin əmək sərf edən tibb işçilərimiz üçün əlavə məlumat və məsləhət mənbəyi olacaq.

Qeyd edək ki, “MD Reference” mobil tətbiqi Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market) asanlıqla yüklənilə bilər. Yaxın zamanda isə tətbiq, həmçinin iOS əməliyyat sistemi ilə işləyən cihazlarda da əlçatan olacaq.

Son xəbərlər
Digər xəbərlər