Apple-ın baş direktoru Tim Kuk şirkət əməkdaşlarına vida məktubu göndərərək baş direktor vəzifəsi üçün darıxacağını, lakin varisi Con Ternusun rəhbərliyinə görə “böyük rahatlıq” hiss etdiyini bildirib.
Bloomberg qeyd edir ki, Kuk bu fikirləri bazar ertəsi, baş direktor vəzifəsindəki son iş günündə bütün əməkdaşlara göndərdiyi elektron məktubda səsləndirib.
Kuk 2011-ci ilin avqustunda Stiv Cobsi əvəzləyərək Apple-ın baş direktoru olmuşdu. Onun 15 illik rəhbərliyi dövründə Apple Watch və AirPods təqdim edilib, iPhone, iPad və Mac məhsul xətləri isə əhəmiyyətli dərəcədə genişləndirilib.
“Bildiyiniz kimi, mən Apple-dan ayrılmıram. Amma çox sevdiyim vəzifədən gedirəm”, – Kuk məktubunda yazıb. “Bu iş üçün darıxacağam, baxmayaraq ki, qərarımla bağlı tamamilə rahatam”.
Ternus haqqında isə Kuk belə yazıb: “Dünyanı dəyişən məhsullar yaratmaq üçün nəyin lazım olduğunu Con qədər yaxşı anlayan çox az insan var və onun rəhbərliyinə görə çox sevinirəm”.
Direktorlar Şurasının icraçı sədri kimi yeni vəzifəsində Kuk ABŞ və Çin də daxil olmaqla, dünyanın müxtəlif ölkələrinin hökumətləri ilə işə cavabdeh olmağa davam edəcək.







