Şənlik mərasimi keçirilən məkanlara olan tələblər açıqlanıb.
Banker.az xəbər verir ki, bu, səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin təsdiq etdiyi “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunmasına dair metodiki göstərişlər”də əksini tapıb.
Sənədə əsasən, şənlik mərasimi keçirilən məkanlara olan tələblər aşağıdakılardır:
– şənlik mərasimi keçirilən məkanların sahəsinə və müəyyən olunmuş “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”ə uyğun olaraq hər bir zal üzrə qonaq tutumunun yenidən müəyyənləşdirilməsi, həmin tutuma və yol verilən maksimum qonaq sayına uyğun olaraq şənlik mərasiminin keçirilməsinə icazə verilməsi;
– şənlik keçirilən məkanların saat 00:00-dək fəaliyyət göstərə bilməsi;
– gigiyena və təmizlik, fiziki məsafənin qorunması və digər məsələlərlə bağlı tələbləri əks etdirən lövhələrin məkanların girişlərində və zallarda yerləşdirilməsi;
– girişlərdə, ümumişlək yerlərdə və sanitar qovşaqlarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi, masalarda əl üçün antiseptik məhlulların olması;
– girişlərdə müəyyən olunmuş əməkdaşlar tərəfindən qonaqların təmassız termometrlərlə hərarətinin ölçülməsi və hərarəti olan qonaqların içəri buraxılmaması;
– təmizlik və dezinfeksiya işlərinə xüsusi diqqət yetirilməsi, ümumişlək yerlərin mütəmadi təmizlənməsi, mərasimdən sonra zalların tam dezinfeksiya edilməsi və havalandırılması;
– xidmət edən personalın gigiyena qaydalarına riayət etməsi, COVID-19-a xas olan əlamət(ləri) hiss edən (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) əməkdaşların işə buraxılmaması;
– xidmət edən personalın növbəli iş rejimində eyni tərkibdə fəaliyyət göstərməsi;
– şənlik mərasimi keçirilən məkanların mətbəxlərində “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”də müəyyən olunmuş qaydalara riayət edilməsi;
– şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi etməsi.
50 və 150 nəfərlik toy mərasimlərinin təşkili qaydası açıqlanıb
Azərbaycanda 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin keçirilməsi “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər” ilə tənzimlənir.
Bu, səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin təsdiq etdiyi “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunmasına dair metodiki göstərişlər”də əksini tapıb.
Sənədə əsasən, 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri aşağıdakı şərtlər çərçivəsində keçirilməlidir:
– yaşı 18-dən yuxarı olan şəxslərin iştirakına yalnız COVID-19-a qarşı “peyvənd sertifikatı”na və ya COVID-19-a qarşı “immunitet sertifikatı”na (bundan sonra – COVID19 pasportu) sahib olduqları halda icazə verilməsi;
– 2021-ci il iyulun 1-dən etibarən şənlik mərasimlərinin keçirildiyi məkanlarda işçilərin azı 80 faizinin COVİD-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVİD-19 pasportunun olması;
– dəvətnamələr üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi barədə xatırlatmanın qeyd edilməsi və ya qonaqlara müəyyən olunmuş tələblərə dair yaddaş vərəqələrinin göndərilməsi;
– şənlik mərasimləri keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan əməkdaşlar (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatın “icaze.egov.az” daxil edilməsi;
– şənlik mərasimləri keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumat “icaze.e-gov.az” portalında qeyd edilməsi;
– şənliklərin təşkili və keçirilməsində karantin rejiminin qaydalarının tətbiq edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanması və həmin iltizamnamənin nüsxəsinin məkan sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməsi;
– şənliyə dəvət olunan şəxslərin COVID-19 pasportunu e-Təbib mobil tətbiqi vasitəsilə yüklənmiş elektron və ya çap edilmiş nüsxəsini təqdim etməsi;
– monitorinq zamanı səmərəliliyi təmin etmək məqsədi ilə COVID-19 pasportuna malik olan əməkdaşların həmin pasportun nüsxəsinin üzərilərində gəzdirməsi (e-Təbib mobil tətbiqində və ya çap edilmiş nüsxə, döş nişanı/bədc və digər formalarda);
– tələblərin icrasını nəzarətdə saxlamaq məqsədi ilə gündəlik monitorinqlərin keçirilməsi.