ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentlik müddəti bitdikdən təxminən 2 il sonra ilk dəfə paytaxt Vaşinqtona gəlib.
Banker.az Associated Press-ə istinadən xəbər verir ki, Ağ Evdəki bəzi keçmiş müşavirlərinin qurduğu beyin mərkəzi olan “America First Policy Institute” tərəfindən təşkil edilən “America First Agenda” Sammitində iştirak edən Tramp sammitin açılış nitqi ilə çıxış edib. Li Qrinvudun “God Bless the USA” (Tanrı ABŞ-ı qorusun) mahnısı ilə səhnəyə çıxan Tramp izdiham tərəfindən alqışlarla qarşılanıb.
Çıxışında administrasiyasının gördüyü işlərə toxunan Tramp, prezidentliyi dövründə ABŞ-ın “daha əvvəl heç kimin görmədiyi” kimi inkişaf edən iqtisadiyyata, ən güclü və təhlükəsiz cənub sərhədinə, enerji suverenliyinə, aşağı benzin qiymətlərinə və inflyasiyaya malik olduğunu bildirib.
Administrasiyası dövründə ABŞ-ın bütün dünyada “çox hörmətli” olduğunu qeyd edən Tramp, ailələri və işçiləri birinci yerə qoyaraq, “Amerikanı yenidən böyük etdik” (“Made America Great Again”) deyib.
ABŞ-ın “sözün əsl mənasında diz çökdürüldüyünü” ifadə edən Tramp ABŞ şəhərlərini “əsl döyüş bölgələri” adlandıraraq, demokratik idarəçilik altında olan şəhər və əyalətlərdə cinayətkarların səltənət qurduğunu irəli sürüb. Küçədəki zorakılıqları, evsizliyi və valideynlərin uşaqları məktəbə gedərkən və geri dönərkən güllələnəcəyi ilə bağlı narahatlıqlarını qeyd edən Tramp “Belə bir dönəm heç vaxt olmamışdı” deyib.
“Artıq qanuna və asayişə hörmət yoxdur. İnanırıq ki, istənilən mənşəli vətəndaş bu millətin arasında, istənilən vaxt, zorakı cinayətlərin qurbanı ola biləcəyi düşüncəsi olmadan gəzə bilməlidir”, – deyə Tramp bildirib.