11 C
Baku
Thursday, October 30, 2025

Tramp və Si nadir torpaq metalları ixracına qoyulan məhdudiyyətlərin bir il müddətinə ləğvi barədə razılığa gəliblər

ABŞ və Çin nadir torpaq metalları ixracına qoyulmuş məhdudiyyətləri bir il müddətinə dayandırmaq barədə razılığa gəliblər. Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent, ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında Cənubi Koreyanın Pusan şəhərində keçirilən danışıqların yekunlarını şərh edərkən bildirib.

“Bu, Çin və bütün dünyanın qarşıdurması idi, lakin biz Pekinin əldə etmək istədiyi bir sıra güzəştlər müqabilində bir illik fasilə barədə razılığa gələ bildik”, – deyə Bessent “Fox Business” telekanalına müsahibəsində qeyd edib.

ABŞ prezidenti Donald Tramp danışıqlardan sonra bildirib ki, Çin “nadir torpaq elementləri, vacib minerallar, maqnitlər və digər materialların tədarükünü açıq və sərbəst şəkildə davam etdirməyə” razılaşıb.

Tramp və Si Cinpinin görüşü bu gün Cənubi Koreyanın Kyoncju şəhərində baş tutub və 1 saat 40 dəqiqə davam edib. Tramp görüşü “10 üzərindən 12” olaraq qiymətləndirib və tərəflərin ticarət sazişi üzrə razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton dərhal Çinə soya tədarükünü bərpa edəcək və Çindən idxal edilən mallara tətbiq olunan rüsumları 57%-dən 47%-ə endirəcək. Öz növbəsində, Pekin nadir torpaq metalları ixracına qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

Tramp həmçinin aprel ayında Çinə səfər etməyi, daha sonra isə Si Cinpini ABŞ-yə cavab səfərinə dəvət etdiyini bildirib. Görüşün yekununda Si Cinpin vurğulayıb ki, Çin və ABŞ iqtisadi problemlərin həlli istiqamətində konsensusa gəliblər. Onun sözlərinə görə, iki ölkə qanunsuz miqrasiya, telefon dələduzluğu və pul yuyulması ilə birgə mübarizədə yaxşı perspektivlərə malikdir.

Son xəbərlər
Digər xəbərlər