ABŞ prezidenti Donald Trampın sərvəti iri miqyaslı tariflərin tətbiqindən sonra 500 milyon dollar azalıb, “Forbes” yazır. Aprelin 2-də dövlət başçısı rüsumların tətbiqini elan edəndə jurnal onun sərvətini 4,7 milyard dollar dəyərində qiymətləndirib. Bir həftədən az müddətdə səhmlərin və digər aktivlərin dəyərinin düşməsi səbəbindən Trampın sərvəti 500 milyon dollar azalıb:
– təxminən 170 milyon dollar itki “Trump Media and Technology Group” səhmlərinin 8% düşməsi payına düşüb;
– 90 milyon dollar itki kommersiya daşınmaz əmlak qiymətlərinin düşməsi səbəbindən olub;
– daha 70 milyon dollar Tramp qolf biznesində itirib;
– təxminən 65 milyon dollar itki hotel və kurort biznesi ilə əlaqəli olub;
– qalan itkilər kriptovalyutalar, istiqrazlar və s. səbəbindən baş verib.
Ağ Evin sözçüsü Taylor Rocers deyib ki, Tramp öz biznesinə deyil, siyasi işinə fokuslanıb. Aktivləri onun övladları idarə edir, dövlət başçısı isə “ölkəni iqtisadi tərəqqiyə çatdırmaq üçün iş vaxtından artıq işləyir”.
Trampın ən yaxın müttəfiqi milyarder İlon Mask da prezidentin tətbiq etdiyi tariflərə görə böyük itki verib. “Business Insider” (BI) yazır ki, onun hazırkı sərvəti 298 milyard dollardır – Mask üç gündə 35 milyard dollar itirib.
Sərvətləri azalan digər milyarderlər arasında “Amazon”un qurucusu Ceff Bezos (-21 milyard dollar) və “Meta”nın CEO-su Mark Zukerberqin (-24 milyard dollar) adları çəkilir. “Forbes” bu iki iş adamının sərvətinin təxminən eyni olduğunu təxmin edir.