9 C
Baku
Thursday, December 12, 2024

“Transelectrica”nın “yaşıl enerji” dəhlizi layihəsində iştirakı təsdiqlənib

Rumıniyanın “Transelectrica” elektrik şəbəkəsi operatorunun səhmdarları şirkətin Qara dənizin dibi ilə Azərbaycan-Gürcüstan-Avropa “yaşıl enerji” dəhlizinin yaradılması layihəsində iştirakını təsdiqləyiblər.

Hökumətin nəzarətində olan “Transelectrica” şirkətinin (58%) səhmdarları şirkətin Qara dənizdən keçərək Macarıstana çatacaq 1200 km uzunluğunda sualtı kabel vasitəsilə Xəzər dənizi regionundan “yaşıl” və sərfəli elektrik enerjisi təchizatını nəzərdə tutan layihədə iştirakını təsdiqləyiblər”, – məlumatda bildirilib.

“Rumıniya üçün enerji sistemlərinin birləşməsi yeni bazara çıxış, milli enerji sisteminin təhlükəsizliyinin gücləndirilməsi, orta və uzunmüddətli perspektivdə isə bütün rumınlar üçün daha münasib qiymətə ekoloji cəhətdən təmiz enerji deməkdir”, – Rumıniyanın energetika naziri Sebastyan Burduja daha əvvəl söyləyib.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. Kabelin ötürmə gücü 1 QVt, uzunluğu 1,195 min km-dir. 2023-cü ilin iyun ayında Bolqarıstanın layihəyə qoşulduğu elan edilib.

2024-cü ilin may ayında “Transelectrica” və layihədə iştirak edən digər ölkələrin tərəfdaş operatorları olan “AzərEnerji” (Azərbaycan), “Georgian State Electrosystem” (Gürcüstan) və MVM (Macarıstan) arasında layihə üzrə şirkətin yaradılması haqqında memorandum imzalanıb. Adı hələlik məlum olmayan yeni birgə müəssisənin baş ofisi Buxarestdə yerləşəcək.

Kabel Azərbaycanda istehsal edilən “yaşıl elektrik enerjisi”nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulub. Kabel 3-4 il ərzində çəkiləcək.

Avropa Komissiyası bu layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər