Treyderlər ABŞ valyutasının daha da zəifləyəcəyini gözlədikləri üçün dollara qarşı “qısa” (short) mövqelərdə avrodan əlavə alternativ valyutalara yönəlirlər.
Banker.az xəbər verir ki, avroya qarşı “long” ( uzun – yəni bahalaşmasın mərc) mövqelər hələ də populyarlığını qoruyur. Bu, qitənin vahid valyutasına artan müdafiə xərclərinə dair nikbinliklə əlaqədardır. Lakin treyderlər Federal Ehtiyat Sisteminin faiz endirimlərinə yenidən başlayacağı və ABŞ-ın iqtisadi üstünlüyünün zəifləyəcəyi gözləntiləri fonunda Çin yuanı, Avstraliya dolları və Cənubi Koreya vonu kimi valyutaların dollar qarşısında möhkəmlənəcəyinə dair mərc etməkdə maraqlıdırlar.
Dollar-yuan opsionlarının ticarət həcmi ötən həftə Amerikadakı “Depository Trust & Clearing Corp.”da son bir ayın maksimumuna çatıb. İnvestorlar bu valyuta cütlüyünün aşağı düşməsinə mərc etmək üçün əlavə vəsaitlər ödəyiblər. Avstraliya dollarının “kall” opsionları (valyutanın qalxmasına mərc) üzrə ticarət həcmi isə “put” opsionlardan (düşüşə mərc) doqquz dəfə artıq olub. Bu, Çikaqo Ticarət Birjasının mərkəzləşdirilmiş sifariş kitabına istinadla 1 iyul tarixində qeydə alınıb.
“Valyuta opsionlarında son tələb əsasən dollar/yuan cütünün enişinə dair rəqəmsal ‘put’ opsionlar və digər eniş yönlü strukturlar olub. Bu, ABŞ prezidenti Donald Trampın Çinlə imzaladığı son atəşkəs sazişi fonunda baş verir”- deyə, “Barclays Bank”ın Sinqapur ofisindən Asiya üzrə valyuta opsionlarının rəhbəri Mukund Daqa Bloomberg-ə bildirib.
Rəqəmsal put opsionu, valyuta cütlüyü müəyyən bir səviyyənin altına düşdükdə sabit gəlir təklif edən strategiyadır.
M.Daqa həmçinin bildirib ki, Cənubi Koreya vonuna dair bahalaşmasına doğru opsionlara maraq da artmaqdadır.
Hedc-fondlar vonun mayın əvvəlində Tayvan dollarında baş verən sıçrayışı təkrarlaya biləcəyini düşünürlər. Həmin vaxt Tayvanın mərkəzi bankı valyutasının bahalaşmasına imkan verərək ABŞ-la ticarət sazişinə nail olmuşdu. Cənubi Koreyada siyasi qeyri-müəyyənliyin aradan qalxması da vonu dəstəkləyə bilər.
“Daha zəif dollar və sabit, tədricən möhkəmlənən yuan son həftələrdə KRW-nin (Cənubi Koreya vonu) artımını dəstəkləyib, tarif risklərinə baxmayaraq. Dəyər baxımından, von hələ də rəqabətlidir. Onun real effektiv məzənnəsi tarixə nəzərən ucuz səviyyədədir və bu, ixracı zədələmədən daha çox möhkəmlənməyə yer yaradır”- deyə, Sinqapurdan olan “Macro Strateg”in əməkdaşı Mari Nikole deyib.
“Citigroup”dan Avstraliya və Yeni Zelandiya üzrə valyuta satışlarının rəhbəri Troy Freyzer isə bildirir ki, avroya maraq hələ də güclü olsa da, Avstraliya dollarına yönələn maraq artır: “Son həftələrdə biz əsasən hedc-fond müştərilərindən AUD/USD cütlüyünün yuxarı hərəkətinə dair qısamüddətli mərc strukturlarına maraq görürük.”
Bununla belə, treyderlərin az maraq göstərdiyi valyutalardan biri yapon yenidir. May və iyun aylarında dollara qarşı kəskin ucuzlaşmadan sonra yenə olan “long” mövqelərə maraq azalıb.
“USD/JPY-ni qısaltmaq son vaxtlar treyderlər üçün ‘zərərli’ strategiyaya çevrilib. Ticarət danışıqları və siyasi faktorlar bu valyuta cütlüyünə təsir edir. Bu risklər aradan qalxdıqda dollar-yen cütlüyü yenidən aşağı düşə bilər, lakin bu qeyri-müəyyənlik davam etdikcə, treyderlər bu bazara girməkdən çəkinirlər”- deyə, “Nomura International Plc”dən Entoni Foster deyib.