ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın təşkilatı Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan edib.
Trump təşkilatının icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini “ev təmizliyi” adlandırıb.
Ümumilikdə Trump təşkilatı üç lisenziya müqaviləsini – Bakıda bir otel və Rio de Janeyroda bir otel və 5 binalı ofis kompleksini dayandırır.
Bakının Nəsimi rayonunda Heydər Əliyev prospekti üzərində yerləşən 33 mərtəbəli yelkənə bənzər göydələnin tikintisi ötən il başa çatsa da, onun fəaliyyət göstərməsi barədə heç bir məlumat olmayıb.
Trump Organisation-ın PR təmsilçisi Hiltzik Strategies BBC Azərbaycancaya şirkətin Azərbaycanda biznesi barədə sualları şərh etməkdən imtina edib.
Bloomberg yazır ki, Trump-ın Bakıdakı biznes tərəfdaşına yaxın rəsmi bu həftə layihənin üçdə birinin tamamlandığını və tezliklə fəalliyyətə başlayacağını bildirib.
Binanın gözətçisi deyib ki, bina fevralda fəalliyətə başlaya bilər. Trump gəlir bəyannaməsində bildirib ki, bu layihədən 2 milyon yarım dollar qazanc əldə edib, amma layihənin adı ötən il şirkətin rəsmi saytından yığışdırılıb.
Bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti – təsisçisi Azərbcaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədov olan Qarant holdinqdir.
BBC Azərbaycanca Qarant holdinqdən şərh ala bilməyib.
“Müqavilələr müvafiq razılaşmalar əsasında dayandırılıb”, – cənab Garten bildirib.
Onun sözlərinə görə, təşkilat “müxtəlif protokolların gələcəyini nəzərdən keçirərək qiymətləndirir”.
Trump-ın maliyyə hesabatı
AP xəbər agentliyinə iyun ayında verdiyi müsahibədə, Trump Organization-un icraçı vitse-prezidenti Alan Garten Bakıdakı otelin açılmasının gecikməsinin səbəbini “iqtisadi səbəblərə” görə olduğu deyib.
Donald Trump haqqında “Örtüksüz Trump” adlı bioqrafiya kitabında müəlliflər Michael Kranish və Marc Fisher yazır ki, Donald Trump-ın ABŞ prezidentliyinə namizədliyi ilə bağlı maliyyə bəyannaməsində, 2014-cü ilin yanvar və 2015-ci ilin iyul ayları arasında Garant Holding-lə müqavilə nəticəsində onun 2.5 milyon dollar aldığı məlum olub.
Bundan başqa, BBC Azərbaycancanın tanış olduğu bəyannamədə bu dövrdə Donald Trump-a THC Baku Services LLC tərəfindən Baku XXI Century LLC ilə bağlanmış idarəetmə müqaviləsi əsasında 323,150 dollar ödənildiyi göstərilir.
Sənəddə həmçinin Donald Trump-ın Bakıda Garant Holding-lə bağlı müqavilənin idarəedilməsi ilə məşqul olan bir çox şirkətdə səhmləri olduğu bildirilir. Lakin müqavilənin dayandırılmasından sonra cənab Trumpın bu səhmlərə sahibliyi barədə suallara BBC Azərbaycanca Trump Organization-dan cavab ala bilməyib.
“Örtüksüz Trump” kitabında, Ziya Məmmədov barədə Wikileaks tərəfindən sızmış diplomatik sənədlərdəki mübahisəli iddiaların nə üçün nəzərə alınmaması barədə suala, Trump Organization-in icraçı vitse prezidenti Alan Garten müqavilədən əvvəl ortaqlığın qiymətləndirməsi sənədində Garant Holding-lə bağlı heç bir ziddiyyətli məlumat əldə edilmədiyini deyib.
Garten müqavilənin 2012-ci ildə mətbuatda mübahisəli məlumatların yayılmasından əvvəl bağlandığını əlavə edib və bu səbəbdən “bu məsələləri müzakirə etməliyik” deyib.
Qərarın siyasi səbəbləri?
BBC Azərbaycancaya müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich Trump Organization və Anar Məmmədova məxsus şirkətlə müqavilə barədə xəbəri ilk dəfə eşitdikdə çox təəcübləndiyini deyib.
Onun zənnincə, müqavilənin bağlanması Trump Organization-ın “müqavilədən əvvəl qiymətləndirmə səyinin çatışmazlığını” göstərir.
Cənab Kauzlarich düşünür ki, “Anar Məmmədov nə üsülla bu miqdarda pula sahib çıxıb” Trump üçün ilk suallardan biri olması gərək idi.
Qarant Holding-dən iddialara cavab almaq mümkün olmayıb.
Cənab Kauzlarich əlavə edib ki, bu müqavilənin dayandırılması Azərbaycan hakimiyyətinə ABŞ siyasətinə təsir göstərməyin “sadə olmadığını sübüt edir”.
“Məncə onlar artıq ABŞ-a təsir göstərməyə başqa yol tapmalı olacaqlar”, cənab Kauzlarich deyib.
Lakin o Azərbaycan ABŞ əlaqələrinin hələ də əsasən enerji siyasəti üstündə qurulacağına inandığını deyib.