Bakının Nizami, Nəsimi, Yasamal və Nərimanov rayonlarında pilot layihə çərçivəsində tullantılar üçün yaşıl və narıncı rəngli konteynerlər (zibil qabları) quraşdırılandan sonra tullantıların təkrar emalı üçün toplanılan xammal ehtiyatının həcmi artıb.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
“Təmiz Şəhər” ASC-nin məlumatına görə, tullantıların düzgün idarə olunmasının ən vacib mərhələsi çeşidləmədir. Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı biznesinin inkişaf etdirilməsi müasir dövrün əsas tələblərindəndir. İllik 200 min ton tullantı qəbul etmək gücündə olan Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik, metal və digər xammallar ümumi kütlədən ayrılaraq təkrar emal müəssisələrinə göndərilir. Bunlar tullantıların ümumi həcmini azaltmaqla yanaşı, Balaxanı Sənaye Parkı üçün ucuz xammal bazası formalaşdırır və ölkədə təkrar emal işinin qurulması üçün əlverişli şərait yaradır, təbii ehtiyatlara və enerjiyə qənaət olunur.