Tunis səlahiyyətliləri BVF-ə əhalinin koronavirusa qarşı peyvənd edilməsi kampaniyasının maliyyələşdirilməsi üçün sorğu göndərib.
TASS-ın verdiyi məlumata görə, bu barədə Tunisdəki Paster İnstitutunun rəhbəri Haşemi Luzira bildirib.
Luziranın sözlərinə görə, əhalinin aşılanması baha başa gələcək, çünki kampaniyaya yalnız peyvəndin alınması deyil, tibb işçilərinin əməyinin ödənilməsi, lazımi avadanlıqların dəyərinin ödənilməsi, həmçinin peyvəndlərin daşınması və saxlanması xərcləri də daxildir.
Paster İnstitutunun rəhbəri vurğulayıb ki, Tunisdə koronavirusun yayılmasını azaltmaq üçün ilkin mərhələdə əhalinin 20 faizinin peyvənd edilməsi planlaşdırılır. Daha sonra isə sakinlərin daha 30 faizi peyvəndlənəcək ki, bu da Tunis səlahiyyətlilərinin hesablamalarına görə ölkədə pandemiyanı tamamilə dayandırmalıdır.
Son sutkada Tunisdə 2 611 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 45 nəfər virusdan ölüb. Ölkədə epidemiyanın aşkarlanmasından bəri 157 514 nəfər koronavirusa yoluxub, onlardan 5 153 nəfəri ölüb.