2020-ci il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi $8 milyard təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı tədiyyə balansı ilə bağlı açıqlamasında şərh verir.
Bunun $5.4 milyardı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə (yəni, Azərbaycan rezidentlərinə xidmət göstərib), $2.6 milyardı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 8.6% artaraq $2.8 milyard olmuşdur.
Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri $2.4 milyard (31.4% artım) olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə $0.4 milyard (45.4% azalma) olmuşdur.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 36.5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri $2.9 milyard olan nəqliyyat xidmətlərinin 55.8%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri $1.6 milyard, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə $1.3 milyard təşkil etmişdir.
Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.n. 38.8% artmış, idxalı isə 10.7% azalmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə 2019-cu ildə $350.5 mln. olan kəsir 2020-ci ildə $342.7 mln. profisitlə əvəzlənmişdir.
2020-ci il üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 4.9 dəfə azalaraq $715.9 mln. təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın ($411.7 mln.) ixracı ($304.2 mln.) üstələməsi nəticəsində $107.5 mln. həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 4.8 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 4 dəfə azalmışdır.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi $411.7 mln. olmuşdur. Bunun 88.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 8.5% azalaraq $28.9 mln. təşkil etmişdir.
Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 21.9% azalaraq $745 mln. olmuşdur.