Azərbaycanın tədiyyə balansında 2022-ci ilin birinci rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.9 dəfə artaraq $318 mln. təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının rüblük statistikasına istinadən xəbər verir.
Hesabat dövründə turizm xidmətləri üzrə idxalı (yəni vətəndaşların xaricdə turist kimi pul xərcləməsi $196.8 mln., ixracı (turistlərin ölkəmizdə pul xərcləməsi) isə $121.3 mln olub.
Bununla da bu idxalın ixracı üstələməsi nəticəsində $75.5 mln həcmində kəsir yaranıb.
2021-ci ilin birinci rübündə isə turizm xidmətlərində xaricə pul axını $84.7 mln. və ixracı $26.1 mln. olmaqla, bu xidmətlər balansında $58.6 mln. kəsir yaranıb.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.7 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.1 dəfə artıb.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi $196.8 mln olmuşdur. Bunun 82.9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).